Yunis Hüseynov: "Türkiyəli futbolçunu yenidən baxışa çağırmışıq"

Yunis Hüseynov: "Türkiyəli futbolçunu yenidən baxışa çağırmışıq" "Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynovun "Report"a müsahibəsi
Futbol
6 Yanvar , 2021 15:00
Yunis Hüseynov: Türkiyəli futbolçunu yenidən baxışa çağırmışıq
Yunis Hüseynov

"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynovun "Report"a müsahibəsi

- Komanda qış təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi necə gedir?

- Hazırlığımız yaxşıdır, futbolçuların əksəriyyəti bizimlədir. Bəzi legionerlər var ki, ölkələrindədir. Bu isə pandemiyaya görə gediş-gəlişlə əlaqədar yaranan problemdir. Amma sabahdan onlar da komandaya qoşulacaq. Yanvarın 4-də məşqlərə başlamışıq. Zədəli və virusa yoluxan futbolçumuz yoxdur. Bildiyiniz kimi koronavirusa yoluxma ən çox bizdə və "Sumqayıt" komandasında olmuşdu. Ondan sonra bütün oyunçular düzəlib və özlərini normal hiss edirlər.

- Siz də koronavirusa yoluxmuşdunuz. İndi özünüzü necə hiss edirsiniz?

- Mən, əfsuslar olsun ki, xəstəliyi bir az ağır keçirtdim və 14 gün xəstəxanada yatdım. Həkimlərimizə təşəkkür edirəm. Sağalmağım üçün hər şeyi etdilər. Hazırda özümü yaxşı hiss edirəm. Amma bəzi dərmanlar var ki, onları qəbul edirəm. Yaxşıyam, məşq proseslərinə qatılıram.

- Xəstəliyin hansı simptomlarını özünüzdə hiss etdiniz?

- Təxminən 9-10 dəfə test vermişdim, heç vaxt müsbət olmamışdı. Xəstəxanada da analiz götürdülər, orada pozitiv çıxdı. Problem ciyərimdə idi. İlk günlər tempereaturum qalxmışdı, halsızlıq, öskürək də var idi. Ciyərdə problem olduğu üçün xəstəxanaya yerləşdirilmişdim. Müalicədən sonra isə hər şey arxada qaldı.

- Komanda artıq 3 transfer edib - Nicat Qurbanov, Sadio Tounkara və Anatole Abanq. Yeni futbolçularınız haqqında nə deyə bilərsiniz?

- Nicat Qurbanovu əvvəldən tanıyıram. Çempionatımızda oynayıb. Onun çıxışına bələdəm. Abanqın da matçlarına Moldovanın "Şerif" komandasında oynayanda baxmışam. Tounkara isə "Xəzər Lənkəran"da işləyəndə sərəncamımda olub. İnanıram ki, hər üçü komandaya güc qatacaq. Artıq məşqlərə qatılıblar, onlara inamım böyükdür.

- Qarşıdakı günlərdə növbəti transfer gözlənilirmi?

- Böyük ehtimalla transfer pəncərəsinə yekun vuracağıq.

- Baxışa türkiyəli futbolçu Semih Kayanı dəvət etmişdiniz. Onunla bağlı qərarınız necə oldu?

- O, mən olanda 1-2 gün məşq edib. Daha sonra isə xəstəxanaya yerləşdirildiyim üçün izləyə bilmədim. Bu səbəbdən qərar verə bilmədim. Dedik ki, təlim-məşq toplanışında iştirak etsin. Amma o Türkiyəyə qayıtdı. Qərar verə bilmədik.

- Məsələ nə yerdə qalıb? Qayıtmaq ehtimalı varmı?

- Artıq Türkiyədədir. Biz demişik ki, yenidən baxışa gələ bilər.

- Komandadan göndərilən olacaq?

- Heç kimi göndərmək niyyətimiz yoxdur. Kimlər buradadırsa, onlar da qalacaq. Mövsümün əvvəlində gedənlər olub, amma digərlərini saxlamaq istəyirik.

- "Keşlə"nin bu mövsüm üçün hədəfləri nədir?

- Hər bir baş məşqçi istəyər ki, yaxşı yerlərdən birini tutsun, həm də çempionluğa oynasın. Bu, hər kəsin arzusudur. Mövsümün ilk yarısında xallar itirdik. Cəmi 13 xal toplaya bilmişik. Elə oyunlar var idi ki, xal itirməməliydik. Amma futbolda belə şeylər olur. Çalışmalıyıq ki, növbəti turlarda itirdiyimiz xalları qaytaraq və yaxşı yerlərdən birini tutaq.

Son xəbərlər

Orphus sistemi