Yunanıstanlı futbolçu: "Neftçi" Çempionlar Liqasında qrupa can atır"

Yunanıstanlı futbolçu: "Neftçi" Çempionlar Liqasında qrupa can atır" "Olimpiakos" "Neftçi" ilə oyunlarda ciddi çətinliklə üzləşməyəcək. Çünki daha yüksək səviyyəli komandadır".
Futbol
16 İyul , 2021 10:11
Yunanıstanlı futbolçu: Neftçi Çempionlar Liqasında qrupa can atır

"Olimpiakos" "Neftçi" ilə oyunlarda ciddi çətinliklə üzləşməyəcək. Çünki yüksək səviyyəli komandadır".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin sabiq futbolçusu Vangelis Platellas "sdna.gr" saytına açıqlamasında Yunanıstan "Olimpiakos"u ilə "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, Pirey təmsilçisi "ağ-qaralar"ı asanlıqla keçəcək: "Komandanın qarşısında yüksək hədəflər dayanır. Ona görə də mərhələni asanlıqla keçəcəklərini düşünürəm".

Yunanıstanlı futbolçu "Neftçi"nin heyətində Emin Mahmudovla Namik Ələskərovu fərqləndirib: "Ən keyfiyyətli oyunçuları onlardır. Mahmudov uzun müddət Rusiyada oynayıb. O, topu özündə saxlamağı bacaran, meydanda düzgün mövqeləri necə tutacağını bilən təcrübəli "8" nömrədir. Eyni keyfiyyətlər sürətli keçidlərə və rəqib zonaya təhlükəli girişlərə sahib olan Namik Ələskərovda da var".

Platellasın sözlərinə görə, "Neftçi" açıq futbol oynamağı sevir: "Müdafiəyəmeyyli komanda deyil. Onların ambisiyaları var və Çempionlar Liqasında qrupa düşməyə can atırlar. Aqressiv oynamağı xoşlaya bilərlər. Amma bu, "Olimpiakos"un təcrübəli oyunçuları tərəfindən ən yaxşı şəkildə zərərsizləşdirilə bilər. "Neftçi" müdafiədə ləng oynayan komandadır. Bundan istifadə etmək olar".

Hazırda ölkəsinin "İonikos" klubunda çıxış edən Platellas 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib.

Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.

Son xəbərlər

Orphus sistemi