​"Xəzər Lənkəran" klubunun futbolçuları cəzalandırılacaq

​"Xəzər Lənkəran" klubunun futbolçuları cəzalandırılacaq Yunis Hüseynov: "Qəbələ" ilə qarşılaşmada nə baş verdiyini hələ də anlaya bilmirəm"
Futbol
6 Oktyabr , 2015 15:44
​Xəzər Lənkəran klubunun futbolçuları cəzalandırılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Xəzər Lənkəran"ın "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətinin səbəbi araşdırılacaq. Bu barədə "Report"a cənub komandasının baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, həmin görüş analiz ediləcək və oyunda daha böyük səhv edən futbolçular cəzalandırılacaq: "Hamı gördü ki, həddən artıq zəif çıxış etdik. Oturub analiz edəcəyik. Harada səhvlər buraxdığımızı, niyə bu hesabla uduzduğumuzu araşdıracağam. Ondan sonra da kimlərin səhvi böyükdürsə cəzalandıracağam. "Qəbələ" ilə hələ ikinci dövrədə oyunumuz var. İnşallah, həmin oyunda elə bu uşaqlarla yaxşı nəticə verəcəyik. Elə bax, bu uşaqlarla 0:6 hesablı məğlubiyyətin əvəzini çıxacağıq. Yaxşı oynayıb, əvəzini çıxmaq lazımdır".

Qəbələ səfərində nələrin baş verdiyini anlamayan 50 yaşlı mütəxəssisin sözlərinə görə, məsələ məğlubiyyətdə yox, komandanın əvvəlki turlardakı kimi mübariz oyun sərgiləyib, var güclərini meydanda qoymamalarındadlr: "Razıyam, gəncdirlər, təcrübələri o dərəcədə deyil. Demirəm ki, "dağıdacaqlar", əla oynayacaqlar, çempionatda yüksək yerlərdən birini tutacaqlar. Söhbət ondan getmir. Məsələ burasındadır ki, əvvəlki 6 turda nə isə alınmasa belə, mübariz oyun sərgiləyiblər, var güclərini meydanda qoyublar. Amma "Qəbələ" ilə qarşılaşmada nə baş verdiyini hələ də anlaya bilmirəm. Meydanda mübarizlik yox idi. Ən əsası, uşaqlarda döyüşkənlik görmədim. Uduzmaq olar. Mən demirəm ki, hazırkı heyətlə "Qəbələ"ni mütləq udmalıyıq. Bu futboldur. Uda da, uduza da bilərdik. Mübarizliyi, döyüşkənliyi görmədiyimdən əsəbiləşdim".

Y.Hüseynov Dodonun "ağ-yaşıllar"ın qapısından 8-ci saniyədə keçirdiyi qoldan da danışıb. Təcrübəli mütəxəssis bu qolun oyunda qırılma nöqtəsi olduğunu deyib: "Gənc futbolçulardırlar. Təcrübəli olsaydılar, özlərini toparlaya, bu qoldan sonra oyunun axarını dəyişə bilərdilər. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayan komandadır. Əlbəttə, 8-ci saniyədə buraxılan qol qırılma nöqtəsi oldu. Amma bir şey də var ki, niyə 8-ci saniyədə top buraxmalısan? O da var axı... Bunların hamısını araşdırmaq lazımdır. İnşallah, baxıb analiz edəcəyik".

Sonda baş məşqçi bildirib ki, maliyyə məsələsi bağlı komandada heç bir problem yoxdur və hərə vaxtlı-vaxtında öz maaşını alır. 

Son xəbərlər

Orphus sistemi