Xayme Romero: "Vurduğum qolun sayılmama səbəbini anlamadım"

Xayme Romero: "Vurduğum qolun sayılmama səbəbini anlamadım" Rəqib yaxşı müdafiə olundu. Biz isə yaxşı oyun nümayiş etdirdik və çoxlu qol imkanımız oldu. Lakin yaxaladığımız fürsətlərdən yararlana bilmədik.
Futbol
29 Fevral , 2020 20:45
Xayme Romero: Vurduğum qolun sayılmama səbəbini anlamadım

"Rəqib yaxşı müdafiə olundu. Biz isə yaxşı oyun nümayiş etdirdik və çoxlu qol imkanımız oldu. Lakin yaxaladığımız fürsətlərdən yararlana bilmədik".

"Report"un məlumatına görə, bunları "Qarabağ"ın futbolçusu Xayme Romero evdə "Sabah" komandası ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 

İspaniyalı yarımmüdafiəçi penaltilərinin verilmədiyini və vurduğu təmiz qolun sayılmadığını bildirib: "İki yüzfaizlik penaltimizin verilmədiyini düşünürəm. Biri özümə qarşı oldu. Həmin penaltinin nəyə görə təyin olunmamasına söz tapa bilmirəm. Digər tərəfdən, vurduğum qolun sayılmama səbəbini anlaya bilmədim. Hakimin həmin məqamda səhvə yol verdiyini düşünürəm".

30 yaşlı oyunçu baş hakim Elçin Məsiyevin qərarlarının nəticəyə təsir etdiyini vurğulayıb: "Matça müdafiə olunmaq düşüncəsi ilə çıxan komandaya qarşı qol vəziyyətləri yaratmaq zatən çətindir. Belə imkanların az olur. Üstəlik, qol vurduğun məqamda hakim müdaxiləsi olduqda istədiyin nəticəni əldə edə bilmirsən".

Romero əlavə edib ki, referiyə yaxınlaşması penalti epizodu ilə əlaqədar olub: "Baş hakimə bildirdim ki, bu, təmiz penaltidir, televizora baxanda özün də görəcəksən. Qol epizodunda isə hadisələr o qədər sürətlə cərəyan etdi ki, topun haradan gəldiyini görə bilmədim. Referiyə pis məqsədlə bir söz demədim. Sadəcə, səhvə yol verdiyini söylədim. Hamı səhvə yol verir. Amma oyunun içində olan şəxs kimi qayda pozuntusunun olduğunu dəqiq vurğulaya bilərəm. Baş hakimə də buna görə iradımı çatdırdım".

Təcrübəli futbolçu növbəti turda "Keşlə" ilə keçirəcəkləri səfər matçının çətin olacağını söyləyib: "Yaxşı komandaya qarşı oynayacağıq. Bu heç-heçə nəticəsində itirilən xallardan sonra növbəti hədəf qələbədir. Bu istəklə də "ASK Arena"ya yollanacağıq".

Romero "Zirə" ilə oyunda 6:0 hesablı asan qələbə qazandıqları halda bugünkü matçda çətinlik çəkmələrinin səbəbini də açıqlayıb: "Bütün komandalar yaxşı səviyyədədir, hər həftə məşq edir, etibarlı müdafiə olunurlar. Hər oyuna 4-5 qollu qələbə düşüncəsi ilə çıxmaq mümkünsüzdür". 

Son xəbərlər

Orphus sistemi