Xames Rodriqes karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirəcək

Futbol
  • 11 iyul, 2017
  • 16:00
Xames Rodriqes karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirəcək

Bakı. 11 iyul. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Xames Rodriqes karyerasını Münhen “Bavariya”sında davam etdirəcək. 

“Report” xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyirmi altı yaşlı hücumameyilli yarımmüdafiəçi 2019-cu il iyunun 30-dək icarə əsasında “Bavariya”da çıxış edəcək. Bu müddət başa çatdıqdan sonra Münhen təmsilçisi onu satın alacaq.

Kolumbiyalı futbolçu tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atacaq. İndi onun adı iyulun 16-dan 28-dək Çin və Sinqapurda təlim-məşq toplanışında olacaq heyətə daxil edilib.

Qeyd edək ki, Xames Rodriqes 2014-cü il dünya çempionatında 6 qolla bombardir olduqdan sonra 80 milyon avro qarşılığında Fransanın “Monako” klubundan “Real Madrid”ə transfer olunub. O, İspaniya təmsilçisinin heyətində keçirdiyi 111 matçda 36 qol vurub və 41 məhsuldar ötürmə verib.