Vüsal İsgəndərli: “Nəticə yoxdursa, rəhbərlik də, məşqçilər də, futbolçular da günahkardır” – MÜSAHİBƏ

Vüsal İsgəndərli: “Nəticə yoxdursa, rəhbərlik də, məşqçilər də, futbolçular da günahkardır” – MÜSAHİBƏ Premyer Liqada mövsümün sonuna 7 tur qalmış turnir cədvəlinin 8-ci yerdə qərarlaşan “Sumqayıt” son pilləni bölüşən “Şamaxı” və “Səbail”i cəmi 3 xal qabaqlayır.
Futbol
13 Aprel , 2023 17:36
Vüsal İsgəndərli: “Nəticə yoxdursa, rəhbərlik də, məşqçilər də, futbolçular da günahkardır” – MÜSAHİBƏ

Premyer Liqada mövsümün sonuna 7 tur qalmış turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Sumqayıt” son pilləni bölüşən “Şamaxı” və “Səbail”i cəmi 3 xal qabaqlayır.

“Gənclik şəhəri” təmsilçisi aprelin 16-da keçiriləcək XXX tur matçında məhz “Şamaxı”nın qonağı olacaq.

Samir Abasovun kollektivi ayın 8-də “Neftçi”yə evdə 0:4 hesabı ilə məğlub olaraq, vəziyyətini daha da çətinə salıb. Komandanın futbolçusu Vüsal İsgəndərli də yaxşı durumda olmadıqlarını etiraf edib.

28 yaşlı yarımmüdafiəçi “Report”a müsahibəsində cari mövsümdəki uğursuz çıxışın səbəblərini izah edib, eyni zamanda, gələcək karyerası ilə bağlı planlarını açıqlayıb.

- Premyer Liqanın XXIX turunda öz meydanınızda “Neftçi”yə 4 cavabsız qolla uduzmağınız sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə ki, bu hesabı heç kim gözləmirdi. Əslində, oyunun əvvəli də belə nəticədən xəbər vermirdi. İlk qolu standart vəziyyətdən buraxdıq. Ancaq 70 dəqiqə rəqibdən üstün oyun sərgilədik. Voyislav Stankoviçin başla vurduğu qolu nəzərə almasaq, “Neftçi”yə, demək olar ki, qol imkanı vermirdik. Yaxşı çıxış edirdik, topa, ümumilikdə oyuna nəzarət bizdə idi. Sadəcə, ikinci hissədə məcburiyyətdən irəli atıldıq və ikinci topu buraxdıq.

- Bəlkə erkən qol həlledici oldu?
- Məncə, bu məqam həlledici olmadı. Çünki erkən qol buraxa biləcəyimizi nəzərə almışdıq və bunun baş verəcəyi təqdirdə necə davranmalı olduğumuzu bilirdik. Deyilmişdi ki, görüşün əvvəllərində qol buraxsaq, yenə həvəsdən düşməməli, mübarizəni davam etdirməliyik. “Neftçi” qol vurduqdan sonra heç də bizdən üstün oynamadı. Onların çıxışlarına və ya qələbələrinə kölgə salmaq istəmirəm. Sadəcə, qol vurmaları o demək deyil ki, bizdən üstün oynadılar, hücumda təzyiq etdilər. Ələ düşən şanslardan birini qola çevirə bilsəydik, bəlkə də mübarizə başqa cür olardı.

- Bir tur əvvəl “Turan Tovuz” üzərində qələbə qazandığınız zaman hər kəs düşündü ki, “Sumqayıt” “qara zolaq”dan çıxdı. Belə çıxır ki, hələ də qara buludlar başınızın üstündən çəkilməyib?
- “Qara zolaq”da olduğumuzu deməzdim. Ancaq stabilliyimiz yoxdur. Gah qələbə qazanırıq, gah da məğlub oluruq. Ümid edirəm ki, mövsümü layiqli yerdə tamamlayarıq. Ən azı Premyer Liqada qalacağımıza inanırıq.

- Cari mövsümdəki uğursuzluğu həm məşqçi, həm də futbolçu heyətində edilən dəyişikliklərlə əlaqələndirmək olar?
- Uğursuzluğu yeni gələn futbolçuların üstünə atmaq haqsızlıq olar. Əgər nəticə yoxdursa, bunda rəhbərlik, məşqçilər, futbolçular, bir sözlə, hamı günahkardır. Əslində, günahkar axtarmırıq. Amma qeydə alınan nəticəni əcnəbilərlə əlaqələndirmək doğru olmaz. Gələnlərin də, gedənlərin də az-çox xeyri dəydi. Lakin bu mövsüm stabil olmadıq. Elə matçlar oldu ki, onlardan sonra hamı dedi ki, komanda çox dəyişildi, düzəlməyə doğru gedir. Bir tur sonrakı nəticənin ardından isə bildirilirdi ki, elə yerində sayır.

- Mövsümün sonuna 7 tur qalmış elitanı tərk etmək təhlükəsi olan komandalardan biri də “Sumqayıt”dır. Bu amil kollektivdə gərginlik yaratmır?
- Əlbəttə ki, gərginlik yaradır. Çünki böyük bir şəhəri təmsil edirik. Komandanın adının son sıralarda olması, mövsümü uğursuz notlarla yekunlaşdırması futbolçu kimi, bizə də pis təsir edir. Halbuki, azarkeşlərimiz bizə çox dəstək olurlar. Şəhər sakinləri futbolu sevirlər. Təbii ki, belə vəziyyətdə olmağı biz də istəməzdik. Mövsümün əvvəlində özümüzdən bu cür çıxış gözləmirdik, planlarımızda belə nəticələr yox idi. Yenə də həvəsdən düşmək lazım deyil. Qarşıda çətin matçlarımız var. Toparlanıb komandanı vəziyyətdən çıxarmaq lazımdır.

- Növbəti turda autsayderlərdən olan “Şamaxı”ya məğlubiyyət vəziyyətinizi daha da qəlizləşdirə bilər. Bu mənada aprelin 16-da Şamaxıda keçiriləcək qarşılaşmanı sizin üçün həlledici saymaq olar?
- Təkcə “Şamaxı” ilə görüşə yox, bu mövsüm bütün qarşılaşmalara qələbə üçün çıxırıq. Sona yaxınlaşdıqca hər xal dəyərlidir. Düzdür, əsas məqsəd qarşıdakı oyunlarda qələbə qazanmaqdır. Ancaq ən pis ehtimal uduzmamaq olacaq. Xal ehtiyatını artırmaq lazımdır. Nəinki xal, hətta qol fərqinə də fikir vermək lazımdır. “Şamaxı” ilə görüş çox çətin keçəcək. Hətta deyərdim ki, “Neftçi” ilə matçdan daha çətin olacaq. Çünki komandalar turnir cədvəlində bir-birilərinə yaxındırlar.

- “Sumqayıt” Premyer Liqanı tərk etsə və I Divizionda komandaya köməyinizi istəsələr, hansı qərarı verərsiniz?
- Ümid edirəm ki, komanda Premyer Liqada qalar. Bütün kollektiv olaraq bunu çox istəyirik. “Sumqayıt”da o qədər xarakterli oyunçular var ki, hətta Birinci Diviziona düşsək belə, əllərini daşın altına salmaqdan çəkinməzlər. Həqiqətən də, “Birinci Diviziona necə düşürmüşüksə, Premyer Liqaya da elə qaldırarıq”, - düşüncəsi ilə qalıb mübarizə apararıq. Əlbəttə ki, elitada qalmaq üçün çalışacağıq ki, sonra oturub daha rahat düşünə bilək. Ondan sonra rəhbərliklə, məşqçilər korpusu ilə növbəti mövsümü müzakirə etmək olar. Burada qalıb-qalmayacağım da məhz həmin görüşlərdən asılı olacaq.

- Türkiyədə legioner həyatı yaşamaq təcrübəniz var. Yenidən ölkə xaricinə yollanmaq ehtimalınız nə qədərdir?
- Qış fasiləsində ölkə xaricindən təklif var idi, maddi məsələdə razılaşmadıq. İlk planım yaxşı variant olsa, xaricə qayıtmaqdır. Amma əvvəlcə “Sumqayıt”ın elitada qalmasına kömək olmaq istəyirəm. Ondan sonra təklifləri dəyərləndirəcəyəm. Variantlar var, hazırda danışıqlar gedir. Rəsmi olmadığı üçün ad çəkməyim də doğru olmaz.

Son xəbərlər

Orphus sistemi