Bakı. 25 oktyabr. REPORT.AZ/ Ukraynanın "Vorskla" klubunun prezidenti Roman Çernyakın bu gün Bakıda "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl "Report"a eksklüziv müsahibəsi
- Bakıda ilk dəfədir olursunuz?
- Xeyr, birinci dəfə deyil. Burada öz işlərimlə əlaqədar olmuşam. Özüm "AvtoKrAZ" şirkətinin baş direktoruyam. Bu şirkət KrAZ avtomobillərinin istehsalı ilə məşğuldur. "Aneftmaş" ASC, Bünyad Sərdarov adına Maşınqayıtma Zavodu ilə əməkdaşlıq edirik. Eyni zamanda, hərbi strukturlarınız və yol idarələrinizlə işləyirik. Yəni, tərəfdaşlarımıza xidmət edirik və indi də bu əməkdaşlığı davam etdiririk. Azərbaycanda təkcə Bakıda deyil, bir çox yerlərdə, məsələn, Şamaxıda olmuşam. Sonuncu səfərim təxminən iki il əvvələ təsadüf edib.
- Azərbaycan futbolu barədə hansı məlumatlara maliksiniz?
- Azərbaycanda futbolu sevib qiymətləndirən dostlarım var. Adlarını çəkmək istəməzdim. Bir neçə gün əvvəl Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzduğumuz oyunu izləmək üçün mənim dəvətimlə Poltavaya gəlmişdilər. Onların fikrincə, Azərbaycanda futbol daha yaxşı səviyyədə ola bilər. Buna nəyin mane olduğunu soruşmamışam. Çünki özümə aid problem deyil. Məni daha çox öz komandam və öz oyunumuz, Ukrayna Premyer Liqasının problemləri narahat edir. "Vorksla"dan əlavə, I Divizionda "Poltava" adlı komandamız mübarizə aparır. Yəni, kifayət qədər görüləsi işlərimiz var. Hətta oyunlara baxmağa vaxtım olmur. Bakı Olimpiya Stadionunu gördükdən sonra Avroliqanın final matçına baxmaq istəyim yarandı.
- Əslində Kiyevdə də Bakı Olimpiya Stadionuna bənzər "Olimpiyski" stadionu var və orada bu il Çempionlar Liqasının final matçı keçirilib...
- Bəli, bənzərlikləri var. Amma bu arenaya nəzərən köhnədir, yenidən təmir olunub.
- "Qarabağ"la Bakıdakı oyundan nə gözləyirsiniz?
- Gözəl şəhərin gözəl stadionunda gözəl oyun görmək istəyirik. Hər iki komandanın Avropa Liqası matçında layiqli futbol ortaya qoyacağına ümidvarıq. Çünki Ukraynada bu oyuna xeyli insan tamaşa edəcək. İnanıram ki, tribunada da çoxlu azərbaycanlı azarkeş olacaq. Hamı maraqlı və gözəl oyun, eləcə də gözəl qollar izləmək istəyir. Amma əlbəttə, klub prezidenti kimi "Vorskla"nın qələbəsindən başqa bir şey istəmərəm.
- Çoxları düşünür ki, bu qrupda İngiltərənin "Arsenal" və Portuqaliyanın "Sportinq" klubları favoritlərdir. Sizcə, ilk 2 turda qeydə alınan nəticələr bu fikirləri təsdiqləmir?
- Turnir cədvəlindəki vəziyyətə əsasən, bu iki komanda hazırda favoritdir. Amma "Arsenal" və "Sportinq"lə görüşlərdə bizə avrokubok təcrübəsi çatmadı. Çünki Portuqaliya təmsilçisi ilə görüşün son dəqiqələrinədək 1:0 hesabı ilə öndə idik. Elə alındı ki, uzatma dəqiqələrində - cəmi 2 dəqiqə ərzində 2 top buraxdıq. Bu səbəbdən, futbol elə bir oyundur ki, burada uğur da, uğursuzluq da mümkündür. Ona görə də hesab etmirəm ki, qrupda hansısa komandalar autsayder, hansıları isə aşkar favoritlərdir. "Qarabağ"ın da avrokuboklarda böyük təcrübəsi var. Bu, oyundur, hər şey ola bilər.
- Hər iki komanda xalsızdır. Bu baxımdan, Sizin üçün nəticə daha önəmli deyilmi?
- Çox maraqlı oyunun olacağına ümid edirəm. Çünki hər iki komandaya müsbət nəticə çox vacibdir. Həm özləri, həm azarkeşləri, həm də ölkələri üçün. Ümidvaram ki, layiqli mübarizə gedəcək və gözəl oyun izləyəcəyik.
- "Qarabağ" 2014-cü ildə Avropa Liqasında Ukrayna "Dnepr"i ilə eyni qrupda yer almışdı. Həmin vaxt son turda İtaliya "İnter"i ilə görüşdə Azərbaycan komandasının təmiz qolu sayılmamış və nəticədə "Dnepr" qrupdan çıxaraq, finaladək irəliləmişdi...
- Bəli, görürsünüzmü? "Qarabağ" növbəti mərhələnin bir addımlığında idi. Yaxud Ukrayna çempionu "Şaxtyor"un İngiltərənin "Mançester Siti" klubuna 0:3 hesabı ilə uduzduğu son oyunu götürək: Komandamız çox güclü olsa da, bizi sevindirə bilmədi. Həm "Şaxtyor", həm "Vorskla", həm də bildiyim qədərilə "Qarabağ"ın zədəli oyunçular sarıdan problemləri var. Bu səbəbdən, elə də güclü olmayan heyətlər çıxış edəcək. Lakin biz komandanı elə kökləyirik ki, istənilən heyət nəticə üçün tam can yandırsın.
- Erməni əsilli futbolçunuz Geqam Kadimyanın da zədəli olduğu açıqlanıb. Belə fikirlər var ki, o, formada olsaydı belə, siyasi səbəblərdən Bakıya gətirilməyəcəkdi...
- Bunun siyasi səbəblərlə heç bir əlaqəsi yoxdur. Kadimyan həqiqətən də zədəlidir. Bu itki bizim üçün ağrılıdır. Çünki o, əksər oyunlarımızda meydana start heyətdə çıxıb. Lakin heç kim zədədən sığortalanmayıb. Hazırda bir çox oyunçumuz zədə üzündən oynaya bilmir. İki futbolçumuz - Denis Vasin və Aleksandr Kobaxidze bu ilin sonunadək meydana çıxa bilməyəcək. Arturun 1,5 aylıq sıradan çıxdığına dair proqnozlar var idi. Amma ola bilsin, növbəti oyunumuzda meydana çıxa biləcək. Artıq kollektiv məşqlərə başlayıb. Hətta Bakıya da gətirilib. Meydana çıxmasa belə, komandanı dəstəkləyəcək. Yəni, belə problemlərimiz var. Futbol isə nə damadır, nə də şahmat. Dramatik oyundur. Burada zədələr əlindən qaçmaq mümkün deyil.
- Bəs klubda maliyyə probleminin olması və futbolçulara borclarınızın yaranması kimi hallar oyununuza necə təsir edə bilər?
- Gizlətməyəcəyəm, ödənilməmiş borclarımız var idi. Amma vəziyyəti qaydasına sala bildik, borcları bağladıq. İndi isə belə problemimiz yoxdur.
- Ukraynalı jurnalist İqor Burqas iddia edir ki, borcları Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelkonun "Arsenal"la oyun üçün London səfərinizi boykot edəcəyinə dair hədələrindən sonra ödəmisiniz...
- Bunların hamısı şayiələrdir. Jurnalistlər elə insanlardır ki, sensasiya axtarırlar. Tapa bilmədikdə nə isə uydururlar. Borcları ödəməyimiz heç bir təhdidlə bağlı deyil.
Elşən MƏMMƏDOV