İspaniyanın "Vilyarreal" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçı üçün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Mikola Balakinə onun köməkçiləri Andrey Skripka və Semyen Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək.
Balakin cari mövsümdə 2-ci dəfə "Qarabağ"ın oyununa təyinat alıb. O, daha əvvəl Çempionlar Liqasının II təsnifat məhələsində Moldova "Şerif"i ilə Bakıdakı görüşü (2:1) idarə edib. Referi 2017/2018 mövsümündə isə Avropa Liqasının I təsnifat mərhələsində "İnter"lə (hazırkı "Keşlə" - E.S) Serbiya "Mladost"u arasındakı oyunu idarə edib. Bakıda keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.