"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniya "Vilyarreal"ının futbolçusu Pervis Estupinyan pasportunu tapıb.
"Report"un məlumatına görə, bu barədə millinin oyunu üçün ölkəsinə yollanan ekvadorlu müdafiəçi tvitter səhifəsində yazıb. 22 yaşlı oyunçunun sözlərinə görə, bu işdə ona azarkeşlər kömək ediblər.
Estupinyan daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ölkəsindən İspaniyaya qayıda bilməsi üçün lazımi sənədin tapılmasında yardım istəyib. O, paylaşımın altında əlaqə nömrəsi qoyub.
Bu gün isə pasportu tapan azarkeşlərlə şəklini paylaşan futbolçu onlara təşəkkür edib.
Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsinin son oyununda evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinyan görüşdə sonuncu qolun müəllifi olub.