"Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır".
"Report"un məlumatına görə, bu fikirləri İspaniya "Vilyarreal"ının futbolçusu Fransis Koklen klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi bildirib ki, İsrail "Makkabi"si (Təl-Əviv) ilə ilk görüşdəki qələbənin davamını gətirmək istəyirlər: "3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik".
Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın kapitanı Mario Qaspar bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: "Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".
"Vilyarreal"ın digər futbolçusu Visente İborra isə iddialı komanda olduqlarını vurğulayıb: "Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.