"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ının daha bir futbolçusu zədələnib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın təcrübəli oyunçularından Dani Parexo sıradan çıxıb.
31 yaşlı yarımmüdafiəçi La Liqanın VI turunda "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdikləri matçda əzələ zədəsi ilə üzləşib. Parexonun yaşıl meydanlara qayıtma müddəti zədənin sonrakı vəziyyətindən asılı olacaq.
Qeyd edək ki, daha əvvəl "Vilyarreal"da Pervis Estupinyan və Jerar Moreno zədələnib, koronavirusa yoluxan Sofian Çakla isə müalicə alır. Moreno ilə Estupinyanın səfərdə "Qarabağ"la matçda iştirak etməyəcəyi dəqiqdir.
Ağdam təmsilçisi "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gələcək. Ölkə çempionu ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.