​Vaqif Cavadov: "Mənim həyatımda da müəyyən nöqsanlar oldu" - MÜSAHİBƏ

​Vaqif Cavadov: "Mənim həyatımda da müəyyən nöqsanlar oldu" - MÜSAHİBƏ Heç vaxt düşünməmişəm ki, kiminsə haqqına girim
Futbol
9 Yanvar , 2015 14:14
​Vaqif Cavadov: Mənim həyatımda da müəyyən nöqsanlar oldu - MÜSAHİBƏ

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin və Türkiyənin "Qaziantep BB" klubunun futbolçusu Vaqif Cavadovun "Report"a müsahibəsi

- "Qaziantep BB"nin heyətində mövsümün ilk yarısındakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Mövsüm yaxşı başladı. Yeni bir çempionat, komanda və şəhər. İlk günlərdə çətinlik çəkdiyim oyunlar oldu. Ümumilikdə götürəndə bəzi oyunlarım yaxşı, bəziləri pis keçirdi. Ümumilikdə bu oyunlarda normal çıxş etdim. Amma düzü, öz oyunumu heç vaxt analiz etməmişəm.

- Son vaxtlar oyuna əvəzetmədən daxil olurdunuz...

- Cəmi 2-3 oyunda ehtiyatda oturmuşam. Sadəcə, zədədən sonra bəzi oyunlarda meydana sonradan girmişəm. Amma qarşılaşmaların 90 faizində sonadək çıxış etmişəm.

- Bəs, vurduğunuz qol sayı Sizi qane edir?

- Bu, daha da çox ola bilərdi. Çünki hər oyunda qol imkanlarım olurdu. Sadəcə, zərbələrimin dəqiq alınmamasını şanssızlıq adlandırardım. Sanki son anda nəsə çatışmırdı ki, həmin zərbələr qola çevrilsin. Elə çempionat, elə mövsüm olur ki, hər vurduğun zərbə qol olur. Amma hərdən olur ki, zərbələrin əlverişli mövqedən olsa belə, qol olmur. Bu, futboldur. Ötən mövsümlə müqayisədə "İnter"də vurduğum zərbələrin çoxu rəqib qapısına gedirdi. Elə epizodlar da olub ki, vurduğum anda ya qapıçı, ya da dirək qola mane olub. Ancaq ruhdan düşmürəm və həyat davam edir. Hər bir futbolçunun qol imkanları olur. Ümumilkdə hər şey qoldan asılı deyil. Əsas olan komandaya kömək etməkdir. Mən də buna çalışmışam. Öz üzərimdə işləməliyəm ki, çatışmazlıqları aradan qaldırım.

- Qollarınızdan biri komanda yoldaşınızın zərbəsindən sonra qapıya gedən topa toxunuşunuzdan sonra Sizin adınıza yazılıb...

- Mən o topa toxunmasaydım, qapıya getməzdi (Türkiyə I Liqasının VIII turunda "Orduspor"la səfər oyununda V.Cavadovun vurduğu qol - red.). Siz futbol adamı kimi analiz edib onu deyirsinizsə, mən də deyirəm ki, heç vaxt kiminsə haqqına girməmişəm. Top qapıya getsəydi, mən ona toxunmazdım. O epizodda mən yetişməsəydim, müdafiəçi topu götürəcəkdi. Heç vaxt düşünməmişəm ki, kiminsə haqqına girim və ya daha çox qol vurum. Mən hücumçu yox, hücumameyilli futbolçuyam. Həmişə ötürmə verməyi sevmişəm, nəinki qol vurmağı.

- Son vaxtlar belə fikirlər ortaya çıxıb ki, yeni baş məşqçiniz Hakan Kutlu Sizə daha az şans verməyə başlayıb. Bir neçə oyunda ehtiyatda qalmağınız yeni baş məşqçi ilə bağlı deyildi?

- Yeni baş məşqçi gəldiyi andan ilk oyunda qol vurmuşam, həm də məhsuldar ötürmə etmişəm. Buna baxmayaraq, bəlkə zədədən sonra bir oyun buraxdığımdan, fikri dəyişə bilər. Ancaq ümumilikdə elə bir problem yoxdur. Az oynasam da, meydana sonradan daxil olsam da, qalan oyunlarda ilk "11-lik"də yer alırdım. Yeni baş məşqçi gəlib və onun öz fikri var. Məni "Qaziantep BB"yə aparan baş məşqçi (Nurullah Sağlam - R.Ə.) başqa idi, bu isə başqadır. Onun da öz fikirləri var. Futbolda belə şeylər olur. Həyatımda baş məşqçi dəyişiklikləri çox olub və buna normal baxıram. Sən bu gün bir komandadasan, sabah başqasında. Buna görə də ruhdan düşmürəm və çalışıram ki, öz işimi görüm və bildiyim peşə ilə məşğul olum. Ona görə də hazırda heç bir problem yoxdur.

- Sonuncu turda meydana çıxdınız və dərhal məhsuldar ötürmə verdiniz. Amma bir məqam da oldu ki, uzatma dəqiqələrində Sizin yerdə qaldığınız epizodda penalti təyin olunmadı...

- Bunu bütün Türkiyə mediası da işıqlandırdı. Orada yüz faizlik penalti var idi. Baş hakim bu oyunda çoxlu yanlış qərarlar verdi. Bu, referinin qərarı idi. Oyun vaxtı emosional olursan, hakimlərə, oyunçulara nəsə demək istəyirsən. Amma başa düşürsən ki, heç nəyi geri qaytarmaq olmur. Bəlkə özü də sonradan bunu başa düşüb, lakin gec idi. Bu, onun işidir. Allah bilən məsləhətdir. Hücumçuda, hücumameyilli futbolçuda hər oyun qol imkanları olursa, bu, yaxşı haldır. Daha da çox çalışmaq lazımdır ki, epizodları qola çevirək.

- Komandanızın mövsümün ikinci yarısındakı hədəfi nədən ibarətdir?

- Mən ora gedəndə hədəfimiz çempionluq idi. Baş məşqçiyə təzyiq çox olurdu, futbolçular yeni yığılmışdı. Vaxtı az idi, ona görə də istefa verdi. Hədəfimiz yenə də çempionluq, ilk "6-lığ"a düşməkdir. Reqlamentə əsasən, ilk "6-lıq"da olan komandalar Super Liqa uğrunda mübarizəni davam etdirir. 1-ci və ya 2-ci olsaq, birbaşa elitaya vəsiqə qazanacağıq. 3 - 6-cı yerləri tutsaq, "pley-off" matçları keçirəcəyik. Yəni, 3-cü pillədəki komanda ilə 5-ci, 4-cü pillədəki komanda ilə 6-cı pillənin sahibi öz aralarında 2 oyun keçirəcək. Qaliblər tək oyunla əsas liqaya vəsiqə qazanacaqlar.

- Bəzi azərbaycanlı futbolçular Türkiyədə yaxşı gün keçirmirlər. Rail Məlikov "Dənizlispor"dan, Ayaz Mehdiyev "Giresunspor"dan ayrılıb, Cavid İmamverdiyevin də "Elazığspor"dan gedəcəyi deyilir. Sizin də komandadan göndərildiyiniz iddia edilir...

- Türkiyə mətbuatında həm futbolun içində, həm də futboldan kənarda olanlar istədiklərini yazırlar. Məntiqlə götürsək, futbolda hər şey mümkündür. Çünki türklər bizim futbolçulara bir az başqa gözlə baxırlar. Ancaq biz onlardan nəinki geri qalırıq, hətta irəlidəyik. Sadəcə, demək istəyirəm ki, bizə hansısa başqa gözlə baxırlar, bu da heç nəyi dəyişmir. Mən komandadan necə gedə bilərəm ki, yanvarın 4-də oynamışam, həmin gecə də tətil üçün Bakıya gəlmişəm. Komandadan göndərilsəydim, orada qalardım və 3-4 günə sənədlərimi yığıb gələrdim. Ancaq belə olmadı, mən evimin, maşınımın qapısını bağlayıb bura gəlmişəm. Mətbuatda çıxan xəbərlər də əsassızdır. Müqaviləm daha 6 ay qüvvədədir və yayda 1 il də artırılması bizdən asılıdır. İndidən nəyisə əsaslandırmağın mənası yoxdur. O xəbəri yayanlar sonradan göndərilənlər siyahısında adımın olmadığını yazıblar. Həyatda, xüsusilə idmanda daha güclü olmaq lazımdır. Əgər səni aşağı salıblarsa, gücün olsa, qalxacaqsan. Gücün olmadıqda isə batıb gedəcəksən. Mənim həyatımda da müəyyən nöqsanlar oldu. Ancaq ailəmin, özümün sayəsində bunlara fikir vermədən öz üzərimdə çalışdım. Sevdiyim peşə futboldur və bunun üzərində çalışıram. Nə olursa-olsun, heç vaxt ruhdan düşmərəm. Allah hər bir insana şans verir, hamını imtahana çəkir, ona görə də güclü insan bu sınaqdan üzüağ çıxır. Mənim də məqsədim öz üzərimdə çalışıb, heç nəyə fikir verməməkdir.

- Dediniz ki, azərbaycanlı futbolçular türkiyəli həmkarlarından nəinki zəif, hətta onlardan güclüdür. Elə isə nəyə görə futbolçularımız yalnız I LIiqada oynayır?

- Çünki bizim futbolumuz o qədər də güclü deyildi. Yəni indi yox, 5-6 il əvvəl zəif idi və bizə də bu gözlə baxırdılar. Amma indi görürlər ki, biz onlardan güclüyük. Super Liqada hər bir futbolçumuz oynaya bilər. Amma orada 18 komanda var. Öz çempionatımız isə o səviyyəyə hələ çata bilmir ki, biz də o çempionatda çıxış edək. Öz adımdan deyə bilərəm ki, "Qaziantep BB"yə getməkdə məqsədim yaxşı oynayaraq, daha iddialı komandaların diqqət mərkəzinə düşmək və Super Liqa komandalarına keçməkdən ibarət idi. İndi də hədəfim dəyişməyib. Bu keçiddə sabiq baş məşqçimiz Nurullah Sağlamın istəyi də rol oynadı. Ən çox istədiyi bir insan idim. Ona söz vermişdim ki, Türkiyəyə gəlsəm, sənin komandanda olacağam. Məhz buna görə o komandanı seçdim.

- Bəs Super Liqa komandalarından hansınısa diqqət mərkəzinə düşmüsünüz?

- İndidən demək istəmirəm. Heç vaxt öz adımı reklam etməmişəm. Azərbaycandan gedəndə mənə dedilər ki, xaricdən təklifin var. Bunu açıqlamadım ki, "Vaqif özündən danışır" kimi fikirlər səsləndirməsinlər. O vaxt da demişdim ki, hər şeyi gözləyək. Gözlədik və mən indi başqa bir ölkədə oynayıram. İndi isə nəsə olsa, yaxın zamanlarda təkliflər dəyərləndiriləcək və qərar veriləcək.

- Onda növbəti mövsüm üçün artıq bu komandada qalmayacaqsınız?

-Yox, nəyə görə? Mən bu komandanın şərəfini qoruyuram. Yanvarın 13-dən "Qaziantep BB"də olacağam. Bu, futbol həyatıdır və hər bir şey ola bilər. İndi elə bir əsas yoxdur ki, mən buranı tərk edim.

- Bir az da milli komandadan danışaq. Yığmanın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Çox çətin vəziyyət idi. Qalib gəldiyimiz oyunlar da ola bilərdi. Hazırda vəziyyət bir az yaxşı deyil. Hər şey istədiyimiz kimi getmir. Qrupdakı vəziyyətimiz bizi narahat edir. İnanmıram ki, milli komandanın şərəfini qoruyan hansısa futbolçu belə bir nəticə istəsin. Yenə deyirəm: bu, futboldur. Baş məşqçi də dəyişib. Məncə, Robert Prosineçki komandaya yeni nəfəs gətirə, əhval-ruhiyəni dəyişə bilər. Artıq əl-ələ verməliyik ki, bu vəziyyətdən çıxaq. Çünki bu, tək biz futbolçuların yox, bütün xalqın, Azərbaycan dövlətinindir. Dövlətimiz nə qədər inkişaf etsə, o qədər yaxşıdır. İnanıram ki, yeni baş məşqçi ilə yaxşı mənada dönüş olacaq.

- Xorvatiya və İtaliya ilə AVRO-2016-nın seçmə oyunlarında Berti Foqts gəncləşdirmə adı altında Sizi və Mahir Şükürovu yığmaya dəvət etmədi. Belə fikirlər də səsləndirilir ki, siz olsaydınız ən azı, Xorvatiyaya 6 qolla uduzmazdıq...

- Mən heç vaxt gedənin arxasınca danışa bilmərəm. Fikrimcə, Foqts da Azərbaycan futboluna çox şey verib. Əlbəttə, hər bir insanın səhvləri olur. İndi demək olmaz ki, biz olsaydıq, nəticə başqa cür alınardı. Cavanlaşdırma deyəndə, Mahir də, mən də çox qoca deyiləm (gülür - R.Ə.) Məndən yaşlıları da oynayırdı. Bu yaşda bizə qoca deyilirsə, başqalarına nə demək olar? Öz adımdan deyə bilərəm ki, zədəli olsam da, olmasam da həmişə milli komandaya kömək etməyə çalışmışam. Çünki yığmada oynamaq mənim üçün həmişə şərəf olub və ürəklə gəlmişəm. Foqtsun çağırmaması sırf şəxsi fikri ilə əlaqədardır. Onun haqqında danışmaq istəmirəm. Foqtsa da uğurlar arzulayıram. Həyatda hər şey ola bilər.

- Fevralda yığmanın təlim-məşq toplanışı keçiriləcək. Prosineçkidən dəvət gözləyirsiniz? 

- Əlbəttə. Gözləyirəm deyəndə ki, mən milli komandanın oyunçusuyam. Yığmaya həmişə canla-başla gəlməyə hazıram. O ki, qaldı baş məşqçiyə, onun öz fikri var. Layiq bilsə, gəlib təlim-məşq toplanışında iştirak edəcəyəm. Prosineçki ad-sanlı futbolçu olub və özünü sübut edib. Bildiyim qədərilə baş məşqçi kimi də nəticə verib. Ona görə də milliyə baş məşqçi gəlibsə, ona ancaq uğurlar arzulaya bilərəm. Hamımız bir yerdə olsaq, yaxşı nəticə verərik.

- Ancaq onun Türkiyə karyerası haqda heç də müsbət fikirlər səsləndirilmir...

- Düzü, Türkiyədə olduğum müddətdə mən belə fikirlər eşitməmişəm. Bildiyim qədərilə Prosineçki "Kayserispor"da çalışıb və orada da ilk mövsümündə nəticələri pis olmayıb. Eşitdiyimə görə, Türkiyədə onu yaxşı tanıyırlar. Mən Türkiyədə olanda soruşdular ki, Prosineçki Azərbaycan millisinə gəlir? Mən də "Böyük ehtimalla, bəli" dedim. Bir neçə gün sonra təyinat rəsmiləşdi. Onlar da "yaxşı olacaq" dedilər.

- Burada belə bir fikir formalaşıb ki, özünü Azərbaycan çempionatında sübut edə bilməyən futbolçular Türkiyə PTT 1-ci Liqasına üz tutur...

- (istehza ilə - R.Ə.) Yəqin mən ötən mövsüm "İnter"də 13-14 oyunda az qol vurub, özümü göstərməmişəm. ona görə Türkiyəyə getmişəm (gülür).

- Elə isə səbəb nə oldu: Bəlkə Azərbaycan klubları az pul təklif etdilər?

- Bunun pulla əlaqəsi yoxdur. Hər kəs pul sayır. Amma mən deyərdim ki, hər kəs öz işini görsün və hamı öz pulunu saysın. Heç kim heç kimin pulunu saymasın. Bu həyatda futbolçu nəyə görəsə oynayır. Futbolçu həyatı da az olur. Demək olmaz ki, Messi pula görə oynamır. Futbolçunun işi futbol oynamaqdır, bunun başqa adı yoxdur. Mənim Azərbaycandan gedişimin səbəbi pulla əlaqədar deyil. Həyatın mənə verdiyi imtahan bir stimul oldu ki, oraya getdim. Həm də bəzi məsələlər üzündən karyeramda yenilik etmək istədim. Gedişimi maddi amillərlə əlaqələndirmələri yanlışdır.

- Artıq şəxsi məsələlərə də fikir vermək məqamıdır, ailə qurmaq vaxtı yetişib. Evləndikdən sonra Azərbaycana qayıtmaq fikrinə düşməyəcəksiniz?

- Hər şey ola bilər. Əlbəttə, elə planlarım var. Dostlarım, tanışlarım hamısı deyə bilər ki, mən necə insanam. Qəlbimdə heç vaxt yalan olmayıb, ikiüzlü olmamışam. Çalışmışam ki, nə varsa, onu deyim. Əlbəttə, vaxtı gəlir, ailə qurmağı da fikirləşirik. Bu haqda fikirləşirik. Həyatda hər şey ola bilər. Bu gün buradasan, sabah orada. Ona görə də fikirləşmək lazımdı ki, hər şey yaxşı olacaq.

Son xəbərlər

Orphus sistemi