Vaqif Cavadov: "Maksimov getsə də, yaxşı nəticə qazanmaq olar"

Vaqif Cavadov: "Maksimov getsə də, yaxşı nəticə qazanmaq olar" “Şəxsən mənim tərəfimdən ona belə bir irad olmayıb"
Futbol
17 İyul , 2018 11:39
Vaqif Cavadov: Maksimov getsə də, yaxşı nəticə qazanmaq olar

Bakı. 17 iyul. REPORT.AZ/ “Yuri Maksimovun gedəcəyi barədə söz-söhbət var idi. Komandadan ayrıldığını isə məşqdən öncə bildik. Bu, onunla rəhbərliyin verdiyi qərardır. Heç kim bir yerdə daimi deyil. Futbol həyatı belədir”.

Bunu “Report”a açıqlamasında “Keşlə” komandasının futbolçusu Vaqif Cavadov baş məşqçi Yuri Maksimovun istefasına münasibət bildirərkən deyib. 29 yaşlı hücumçu bildirib ki, ukraynalı mütəxəssisin postundan ayrılmasının Avropa Liqasının I təsnifat mərhələsində Malta “Baltsan”ı ilə cavab oyunu ərəfəsində baş verməsi komandanın çıxışına mənfi təsir edə bilər: “İyulun 19-da cavab matçımız var. Bizim üçün çətin olacaq. Lakin artıq bu məsələni unudub, oyunumuza köklənməliyik. Öz meydanımızda oynayacağıq. Bu, bizim üçün stimuldur. Yaxşı hazırlaşmaq üçün nə lazımdırsa, edəcəyik. Hər şeyə rəğmən, Maksimov getsə də, yaxşı nəticə qazanmaq olar”.

Cavadov “Keşlə”nin Maltadakı ilk matçda rəqibinə 1:4 hesabı ilə uduzmasına da münasibət bildirib. O, cavavb qarşılaşmasında növbəti mərhələyə vəsiqə qazanmaq üçün lazımi nəticəni əldə etməyə çalışacaqlarını söyləyib: “Rəqib qalib gəlibsə, deməli, biz zəif oynamışıq. Maltada oyunumuz alınmadığından, bu cür hesabla uduzduq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq. Son vaxtlar Çempionlar Liqası, dünya çempionatı kimi böyük turnirlərdə qeydə alınan nəticələr bir daha göstərir ki, futbolda hər şey mümkündür. Məsələn, “Roma” İspaniyada “Barselona”ya 1:4 hesabı ilə uduzmuşdu. Amma İtaliyada 3 cavasız qolla qalib gəldilər. Bunu biz də edə bilərik. Məqsəd qalib gəlməkdir”.

Klub prezidenti Zaur Axundov “Report”a müsahibəsində deyib ki, Yuri Maksimovun “Baltsan”la səfər oyununda lazımi əvəzləmələr etməməsinə futbolçular da irad bildiriblər. Təcrübəli hücumçu bu məqama da toxunub: “Şəxsən mənim tərəfimdən belə bir irad olmayıb. Bəlkə başqa oyunçulardan kimsə etirazını bildirib?! Yenə deyirəm, klub rəhbərliyi nə qərar veribsə, biz də ona uyğun davranacağıq”.

Qeyd edək ki, iyulun 19-da “Dalğa Arena”da keçiriləcək “Keşlə” – “Baltsan” oyunu saat 21:00-da start götürəcək. Paytaxt təmsilçisi cavab görüşünə köməkçi-məşqçi Zaur İsmayılovun rəhbərliyi altında çıxacaq.

Son xəbərlər

Orphus sistemi