"90 dəqiqə ərzində mübarizə apardıq. Nə lazımdırsa, onu etdik. Nəticədə 3 xal qazandıq və bu, bizim növbəti mərhələyə çıxmağımıza şərait yaratdı".
"Report"un məlumatına görə, bunları İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə "Sivasspor" 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Məqsədimizə nail olduq. İlk gündən bunu hədəfləyirdik. Komanda olaraq, yaxşı təsir bağışladıq. Oyun ərzində konsentrasiyanı itirmədik".
Emeri I qrupun son turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri görüşə də toxunub: "Artıq 1/16 final mərhələsinə vəsiqəni təmin etmişik. Bu bizi rahatlaşdırdı. Amma bu, arxayınlaşmağımıza səbəb ola biləcək rahatlıq deyil. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq".
Qeyd edək ki, dekabrın 10-da baş tutacaq "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.