Azarkeşlərin UEFA-nın bayrağı altında keçirilən oyunlara buraxılması noyabrdan tez mümkün olmayacaq.
"Report" xəbər verir ki, bunu TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin deyib.
Rusiyalı funksioner bildirib ki, stadionların fanatların üzünə açılması UEFA Super Kuboku uğrunda bugünkü oyundan asılıdır: "Millətlər Liqasını hələlik azarkeşsiz oynayacağıq. Çox şey bugünkü qarşılaşmadan asılı olacaq. Bu, test matçıdır. Hər şey qaydasında olsa, azarkeşlərin oyunlara qayıdışını müzakirə etmək olar. Bu isə noyabrda mümkündür. Oktyabrda hər şey əvvəlki kimi qalacaq".
Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq Superkubok matçına təqribən 16 min azarkeş buraxılacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.