"UEFA və Avropa futbol ictimaiyyəti üçün unudulmaz bir ilə nəzər salsaq, ən böyük nailiyyətimizi qeyd etmək çətindir".
"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin 2021-ci ilin yekunları barədə Avropa futbol qurumunun rəsmi saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner bildirib ki, futbol hətta pandemiya üzərində idman qələbəsini də təmin etdi: "Bunu həm daim dəyişən səhiyyə qaydaları fonunda il ərzində çoxlu matçlar keçirməklə, həm də azarkeşlərin təhlükəsiz şəkildə stadionlara qayıda biləcəyini nümayiş etdirməklə sübuta yetirdik. Ötən 12 ay ərzində UEFA-nın bütün üzvləri - milli assosiasiyalar, oyunçular, milli liqalar, klublar, məşqçilər, matç rəsmiləri, azarkeşlər, tərəfdaşlarımız və media - bu görkəmli uğurlara mühüm töhfələr veriblər".
Çeferinin sözlərinə görə, AVRO-2020-dən əldə olunan gəlirlərin 775,5 milyon avrosu futbol piramidasının bütün səviyyələrində - kişi və qadın futbolunda məşqçilərin hazırlanmasından tutmuş yerli komandaların dəstəklənməsinə və bir gün Avropa çempionatında iştirak etmək arzusunda olan gənc oyunçuların hazırlanmasınadək çox sayda layihələrə dəstək verəcək. Avropa idman modelinin əsaslandığı açıq rəqabət prinsipi Konfranslar Liqasının yaradılmasında əsas amilə çevrildi. Artıq quruma üzv olan 55 milli assosiasiyanın hamısına hər mövsüm ən azı bir UEFA yarışında təmsil olunmaq zəmanəti verilir".
UEFA prezidenti İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları birgə təsis etdiyi Avropa Super Liqası turnirinə də toxunub: "Aprel ayında yalnız bir neçə klubun bank hesablarını maliyyələşdirmək məqsədi daşıyan qapalı turnir yaratmaq cəhdi Avropa idman modelinin mərkəzində olan dəyərləri və UEFA-nın missiyasını təhlükə altına saldı. Bütün qitədə siyasi və sosial qınağa səbəb olan Superliqanın süqutu 2021-ci ildə ən vacib qələbəmiz idi".