UEFA nümayəndəsi: "Cinayətkar şəbəkələrin Azərbaycan çempionatlarına yol tapmamaları üçün diqqətli olmalıyıq" - MÜSAHİBƏ

UEFA nümayəndəsi: "Cinayətkar şəbəkələrin Azərbaycan çempionatlarına yol tapmamaları üçün diqqətli olmalıyıq" - MÜSAHİBƏ "Araşdırmaların AFFA və PFL daxilində getməsinə çalışırıq"
Futbol
29 Dekabr , 2017 14:52
UEFA nümayəndəsi: Cinayətkar şəbəkələrin Azərbaycan çempionatlarına yol tapmamaları üçün diqqətli olmalıyıq - MÜSAHİBƏ

Bakı. 29 dekabr. REPORT.AZ/ UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılovun “Report”a müsahibəsi:

- Dekabrın 28-də Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçuları ilə görüşdünüz. Niyə məhz bu komanda?

- Ona görə ki, U-19 millisi hazırda təlim-məşq toplanışındadır.

- Bütün yığmalarla görüş keçirəcəksiniz?

- Planda var ki, imkan olduqca milli üzvlərinə bu cür təqdimatlar keçirilsin. Danışılmış oyunlarla bağlı onların məlumatlandırılması və maarifləndirilməsi işinin aparılmasını lazım bilirik.

- Danışılmış oyunların aşağı yaş qrupu üzrə liqalara sirayət etməsindən ehtiyatlanırsınız?

- Hər bir halda məlumat verilməlidir. Həmin liqalarda çıxış edən futbolçuların yaşlarının və həyat təcrübələrinin az olduğunu nəzərə alsaq, onların bu istiqamətə meyl etmələri rahat başa gələ bilər. Bu səbəbdən, həm onları, həm də futbolu qorumaq üçün maarfiləndirici tədbirlər keçirmək tələb olunur.

- İndiyə qədər Gənclər Liqasında hansısa şübhəli oyun barədə məlumat almısınız?

- Real məlumat yoxdur. Ancaq hər bir halda maarifləndirmə işi lazımdır.

- Danışılmış oyunlarla bağlı araşdırmalarınız hansı miqyası əhatə edir?

- AFFA bayrağı altında keçirilən bütün yarışları əhatə edir. Araşdırmalar nəticəsində bizə gələn faktlar prokurorluq orqanlarına göndərilir.

- Yəqin ki, işiniz çoxdur, UEFA-dan davamlı məlumatlar gəlir...

- Məlumatları artıq təhvil vermişik. Bildiyiniz kimi, AFFA-nın İcraiyyə Komitəsinin iclasında da məlumat verdik ki, biz tərəfdən rəsmi müraciət olunub. Araşdırmaların necə gedəcəyini, məsələlərə hansı hüquqi qiymətin veriləcəyini biz özümüz də gözləyirik.

- UEFA-dan sonuncu dəfə nə vaxt məlumat gəlib?

- Bu barədə detallı məlumat verə bilmərəm.

- Hər halda İcraiyyə Komitəsinin dekabrın 20-də baş tutan iclasında sonra məlumat almamısınız?

- Xeyr. Ondan sonra heç yarışlar keçirilməyib.

- Yarış keçirilməsə də, əvvəlki aylarda baş tutan matçlarla bağlı məlumat ala bilərsiniz?

- Təbii ki, müəyyən vaxtdan sonra gəlir.

- Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev I Divizionda çıxış edən 2 klubun danışılmış oyunlarda iştirakından şübhələndiklərini açıqlayıb. Onun sözlərinə görə, şübhələr təsdiqlənəcəyi halda, həmin komandalar dərhal çempionatdan xaric olunacaqlar. Bu şübhələr nə vaxtdan yaranmağa başlayıb?

- Rəhbərlik UEFA-dan gələn hesabatlar, öz araşdırmalarımız, KİV-də dərc olunan məlumatlara uyğun olaraq, rekasiyasını bildirir.

- Elə KİV-in yazdığına görə, həmin klublar "Turan Tovuz" və "Ağsu"dur?

- Hazırda araşdırma getdiyindən, heç bir ad açıqlaya bilmərik. 

- Vəziyyət bu qədər ciddidir? Məsələn, “Keşlə” – “Neftçi” oyunundakı kimi...

- Təbii ki, bu cür məsələlər ciddidir. Təkcə bizdə deyil, AFFA-nın prezidenti Rövnəq Abdullayevin də vurğuladığı kimi, Şərqi Avropa ölkələrində də bu məsələ çox ciddi miqyasdadır. Bu işin arxasında duranlar konkret cinayətkar şəbəkələrdir. Həmin şəbəkələrin Azərbaycan çempionatlarına yol tapmamaları üçün diqqətli və həssas olmalıyıq. Hər bir xırda siqnalın gələcəkdə böyüməməsi üçün reaksiya vermək lazımdır.

- Portuqaliya Premyer Liqasında çıxış edən “Riu Ave”nin 4 futbolçusunun ötən mövsüm “Feyrense”yə oyun satdıqları və komandalarının 1:2 hesabı ilə uduzmasını təmin etdikləri məlum olub. Siz təkcə Şərqi Avropanı qeyd etdiniz. Ancaq Qərbdə də analoji hallar yaşanır...

- Bəli, Qərbi Avropada da olur. Məsələn, İtaliyada “Yuventus”un B Seriyasına göndərilməsini nümunə göstərə bilərəm. Başqa misallar da var. Sadəcə, Şərqi Avropada vəziyyət daha gərgindir. UEFA-nın hesabat və iclaslarında da qeyd olunur ki, ümumi vəziyyət ürəkaçan deyil. Danışılmış oyunlar getdikcə daha çox yayılan xəstəlik, virusdur.

- Araşdırılmalar çərçivəsində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni operatoru olan “Topaz”la da əməkdaşlıq edirsiniz?

- Araşdırmaların AFFA və PFL daxilində getməsinə çalışırıq. Prosesə digər qurumların cəlb edilməsi məxfiliyi təhdid altına ala bilər. Ona görə də maksimum dərəcədə daxili araşdırma aparırıq.

- Artıq Premyer Liqa ilə bağlı araşdırma yekunlaşıb? Cəmi 2 futbolçu və 1 məşqçi ilə məsələ bağlanıb?

- Əlavə tədbirlər ola bilər. Çünki hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırmanı onlar davam etdirəcəklər və yeni faktlar müəyyənləşərsə, digər şəxslər üzə çıxarsa, bunlar da nəzərə alınacaq.

- Araşdırma aparan orqan konkret olaraq hansıdır?

- Bunları Rövnəq Abdullayev açıqlamışdı. Yəqin ki, prokurorluğa müraciət olunub. Ümumi formada rəhbərliyə müraciət ünvanlanıb. Bizə gələn məlumatları toplayıb, təqdim etmişik.

- Sizcə, qərar nə vaxt açıqlanar?

- Bu, onlardan asılı məsələdir. Konkret bir söz deyə bilmərəm.

Son xəbərlər

Orphus sistemi