Bakı. 15 dekabr. REPORT.AZ/ Avropa Liqasının VI turunun "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş vermiş olayla bağlı Ağdam klubunun UEFA-ya ünvanladığı şikayət məktubuna cavab gəlib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda müraciətə 2015-ci il fevralın 5-də UEFA-nın İntizam və Nəzarət Komitəsinin iclasında baxılacağı vurğulanıb.
"Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul olunub və UEFA-nın İntizam və Nəzarət Komitəsinin 2015-ci il fevralın 5-də baş tutacaq iclasında baxılaraq qərar veriləcək", - sənəddə bildirilir.
Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən "Qarabağ" - "İnter" oyununun son uzatma dəqiqəsində meydan sahiblərinin vurduğu təmiz qol çexiyalı baş hakim Miroslav Zelinka tərəfindən sayılmayıb.