UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.
"Report"un "La Gazzetta dello Sport" nəşrinə istinadən məlumatına görə, səbəb onların İtaliyada "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələridir.
Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmağı qərara alıb. Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.
Qeyd edək ki, Cüneyt Çakır "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.