Bakı. 7 fevral. REPORT.AZ/ UEFA 2019-2020 mövsümündə rekord gəlir əldə edəcəklərini gözləyir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə direktoru Yozef Koller təşkilatın İtaliyanın paytaxtı Romada keçirilən 43-cü Konqresində məlumat verib.
Onun sözlərinə görə, 2019-2020 mövsümündə büdcənin gəlirləri, əsasən, 2020-ci ildə keçiriləcək Avropa çempionatına görə artacaq: "Həmin mövsümdəki gəlir 5 milyard 725 milyon avro olacaq. AVRO-2020-nin ümumi gəliri isə 2 milyarddan çox olacaq. AVRO-2016-dakı gəlir 1.9 milyard təşkil edib".
Maliyyə direktorunun çıxışından sonra 2019-2020 mövsümündə büdcə planı yekdilliklə təsdiqlənib.
Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68 700 nəfərlik arenada matçlar müvafiq olaraq, iyunun 13-də, iyunun 17-də, iyunun 21-də və iyulun 4-də keçiriləcək.