Respublika stadionu "Qarabağ" - "Bazel" oyununa hazırlanır

Respublika stadionu "Qarabağ" - "Bazel" oyununa hazırlanır Şamil Quliyev: "Hazırda ot örtüyü ilə bağlı əməlli-başlı işlər gedir. Təzədən toxum səpildi, dərman və gübrələr verildi"
Futbol
30 Avqust , 2021 17:00
Respublika stadionu Qarabağ - Bazel oyununa hazırlanır

"Hazırda ot örtüyü ilə bağlı əməlli-başlı işlər gedir. Təzədən toxum səpildi, dərman və gübrələr verildi. Bunların hamısı əvvəl də olurdu. İndi başladığını və əvvəllər olmadığını deyə bilmərəm. Xeyr, həmişə olub. Ota eyni qayda ilə qulluq olunur. Bəlkə də bir az artıq qulluq edirlər".

Bu fikirləri "Report"a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev arenanın ot örtüyünün hazırkı vəziyyəti barədə danışarkən deyib.

O, sentyabrda havaların daha sərin keçəcəyinə ümid etdiklərini bildirib: "Havalar düzələn kimi bu problem tamamilə aradan qaldırılacaq. Yeganə çətinlik ondan ibarətdir ki, "Qarabağ" klubu Konfrans Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 16-da Bakıda keçirəcək. Həmin vaxta qədər işlər yekunlaşsaydı, lap əla olardı. "Qarabağ"ın əməkdaşları ot örtüyünü normal səviyyəyə çatdırmaq üçün işləyir, çalışırlar".

Quliyevin sözlərinə görə, Ağdam təmsilçisinin əməkdaşları daim mərkəzi arenada olaraq, işlərin gedişinə nəzarət edirlər: "Klub nümayəndələri ilə tez-tez görüşüb, müzakirələr aparırıq. Ot örtüyü tezliklə düzələcək, havalar sərinləyən kimi normala qayıdacaq".

Direktor meydanın Şotlandiya "Aberdin"i ilə Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu ilə müqayisədə daha yaxşı olduğunu söyləyib: "Ot örtüyü yaşıllaşmağa başlayıb. Bir az vaxt olsaydı, hamıya tamamilə yeni meydan təqdim olunardı. Amma hazırda yaşıllaşma gedir".

Quliyev deyib ki, Ağdam təmsilçisi ilk oyununu Respublika stadionun keçirməsəydi, meydanı daha ideal vəziyyətə gətirmək mümkün olardı: "Belə olsaydı, lap əla alınardı. Amma hazırda ölkədə çoxlu azarkeş qəbul edə bilən arena azdır. Bizdən daha böyüyü Bakı Olimpiya Stadionudur. Sentyabrın 7-də isə orada Azərbaycan - Portuqaliya oyunu keçiriləcək".

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə ilk matçlarını səfərdə keçirmək üçün UEFA-ya müraciət etdiklərini xatırladıb. Lakin o, UEFA-nın açıqladığı təqvimə əsasən, qrup mübarizəsinə evdə başlayacaqlarını bildirib: "Bu təqvimdən kənara çıxa bilmərik. Qrup mərhələsində ehtiyat stadion anlayışı yoxdur. Yalnız bir arenanı göstərməlisən. Biz də məhz Respublika stadionunu göstərmişik. Cəmi bir arena sifariş vermişik. Fors-major hal baş verərsə, problemli nə isə olarsa, bu zaman UEFA-ya müraciət edib uyğun bildiyimiz, razılaşdığımız stadionla dəyişdirə bilərik. Sonradan dəyişdirmək problem deyil".

Klub rəsmisi bildirib ki, hazırda gündəmdə qrup oyunlarını Respublika stadionunda keçirmək durur: "Avrokuboklarda sonuncu ev oyunumuz avqustun 19-da olub. Həmin tarixdən sentyabrın 16-dək 28 gün vaxt var. Hazırda ot örtüyü ilə bağlı işlər gedir. İsveçrənin "Bazel" klubu ilə matçadək qazon çox yaxşı vəziyyətdə olacaq. Buna əmin ola bilərsiniz. Respublika stadionunda oynamaq üçün heç bir problemimiz qalmayacaq".

Son xəbərlər

Orphus sistemi