Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. "Report"un məlumatına görə, bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Maçado 2010/2011 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Hazırda 32 yaşı olan müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.
30 yaşlı müdafiəçi Tieqo isə "Xəzər Lənkəran"da forma geyinib. 2014-cü ilin yanvarında onunla 1.5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
"360 Radio Colombia" qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.

