Tərlan Əhmədov yubileyində fərqlənib, Yunis Hüseynov telefonla danışdığı üçün cəzalanıb

Tərlan Əhmədov yubileyində fərqlənib, Yunis Hüseynov telefonla danışdığı üçün cəzalanıb Tofiq Bəhramov adına Respublika stadionunda idman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib.
Futbol
365
17 Noyabr , 2021 16:31
Tərlan Əhmədov yubileyində fərqlənib, Yunis Hüseynov telefonla danışdığı üçün cəzalanıb

Tofiq Bəhramov adına Respublika stadionunda idman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Futbol Veteranları İttifaqının (FVİ) təşkilatçılığı ilə gerçəkləşmiş qarşılaşma milli komandanın keçmiş kapitanı Tərlan Əhmədovun 50 illik yubileyinə həsr olunub.

Oyundan əvvəl Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov yubilyarın təkcə futbolçu və baş məşqçi kimi deyil, həm də idman mediasına münasibətdə müsbət xüsusiyyətlərindən danışaraq, onu federasiya adından təbrik edib. T.Əhmədova doğum günü münasibətilə xatirə diplomu və hədiyyələr təqdim olunub.

FVİ sədri Oqtay Abdullayevin də təbriklərinin ardından matç start götürüb. Keçmiş FIFA referisi Xaqani Məmmədovun idarə etdiyi görüş veteranlardan ibarət komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib heyətdən ilk qolu Musa Qurbanov vurub. Daha sonra Yunis Hüseynov özünəməxsus zərbə ilə ikinci qolu vurub.

Ardından Şəmsəddin Abbasov fərqi azaltsa da, tezliklə Musa Qurbanov dubl edib. Veteranların dördüncü topunu Tərlan Əhmədovun özü vurub. Son qolların müəllifi isə jurnalistlər komandasından dubl müəllifi Rüstəm Əfsərli olub.

Qarşılaşmada daha bir maraqlı məqam baş verib. Yunis Hüseynova oyun vaxtı zəng gəlib və o, meydançanın ortasında telefonla danışmağa başlayıb. Bunu görən baş hakim Xaqani Məmmədov Y.Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.

Görüşdən sonra T.Əhmədov "Report"a açıqlamasında yubiley tədbirində əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "Xoş günümdə meydanda belə bir maraqlı matç keçirdik. 50 yaş bir əsrin yarısı deməkdir. Qızıl və dəyərli vaxtını ayıran, bu gün mənim yanımda olan insanların hamısına təşəkkür edirəm".

"Jurnalistlərlə hər zaman qardaşlıq və dostluq münasibətlərimiz olub. Fəaliyyətimizi işıqlandıran və bizə daim dəstək olanlar məhz jurnalistlərdir" deyən T.Əhmədov bəzi jurnalist dostları və futbol veteranlarının üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiklərini də əlavə edib: "Bu gün I Divizionda çıxış edən komandaların görüşləri var. Dostlarımızın bəziləri oyunda və iş başında olduqları üçün gələ bilmədilər. Hamısına can sağlığı arzulayıram".

Mütəxəssis qarşıdakı hədəflərindən də də söz açıb: "Hələlik hansısa təklif yoxdur. Olarsa, hər zaman hazıram. Baş məşqçi kimi hədəflərim var. Məqsədim yaxşı komanda qurub, uğurla çıxış etməkdir".

Son xəbərlər

Orphus sistemi