Tərlan Əhmədov: "Milli komandadan təklif olsa, qəbul edərəm" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Milli komandadan təklif olsa, qəbul edərəm" - MÜSAHİBƏ “Keşlə” futbol klubunun baş məşqçisi Tərlan Əhmədovun “Report”a müsahibəsi (əvvəli burada)
Futbol
11 İyun , 2020 15:51
Tərlan Əhmədov: Milli komandadan təklif olsa, qəbul edərəm - MÜSAHİBƏ

“Keşlə” futbol klubunun baş məşqçisi Tərlan Əhmədovun “Report”a müsahibəsi (əvvəli burada)

- Premyer Liqa bir sıra məhdudiyyətlərlə bərpa olunacaq. Tək Azərbaycanda yox, bütün dünya futbolunda ciddi dəyişikliklər müşahidə olunur. Bu yaxınlarda “Barselona”nın kapitanı Lionel Messi açıqlama vermişdi ki, futbol əvvəlki kimi olmayacaq. Siz necə düşünürsünüz?

- Pandemiya ilə bütün həyat, insanların bir-birinə olan münasibəti dəyişdisə, artıq bir-birimizdən uzaqlaşırıq, məsafə saxlayırıqsa, deməli, bu, hər sahəyə təsir edəcək. Futbol artıq elə bir dövrə çatmışdı ki, bütün gözəlliklər itmişdi. VAR sistemi gətirdilər, qaydalarda dəyişiklik etdilər. Bu da futboldakı həyəcanın itməsinə səbəb oldu. Öyrəşdiyimiz futbol başqa istiqamətə yönəlir. Yeni futbolu hələ heç kim qəbul edə bilmir. Azarkeşlər də oyunun tez-tez dayandırılmasından narazıdır. Top-klublarda oynayan futbolçular deyirlərsə ki, futbol əvvəlki kimi olmayacaq, deməli, doğrudan da, elədir. Mən daha əvvəl də müsahibələrimdə bildirmişəm ki, artıq futboldan nəsə gözləməyə dəyməz. O həyəcan, mübarizə, yanaşma olmayacaq. Paltardəyişmə otağından istifadə edə bilməyəcək, komanda ilə bayırda söhbət edəcəyiksə, futboldan danışmağa dəyməz. Təsəvvür edin, oyun qurtaracaq, tərli futbolçular gözləyəcəklər ki, duşdakı çıxsın, sonra onlardan biri içəri girsin. Hər şey o həddə çatıb ki, futbolçularda qorxu hissi artır. Bunlar da oyuna təsir edəcək. Bu təsir isə bir neçə il davam edəcək.

- Mövsümün sonunda komandanızda 3 nəfərdən başqa, hamının müqaviləsi başa çatıb. Bildiyimiz qədərilə, onların hamısı ilə çempionatın sonunadək razılıq əldə olunub. Mövsüm başa çatdıqdan sonra neçə futbolçu ilə yollar ayrılacaq?

- Bu, özümüzün yığdığımız komandadır. Zədələr, uyğunlaşma problemi olmasına baxmayaraq, futbolçuların 90-95 faizindən razıyıq. Klub rəhbərliyi ilə müzakirəmiz olub. Heyətdə ciddi dəyişiklik olmayacaq. Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla danışacağıq. Bəlkə, kimsə təklifimizi qəbul etməyəcək, daha yaxşı variantı ortaya çıxacaq. İndiki variantda maksimum 3-4 futbolçu gedə bilər. Onlar da həmin oyunçulardır ki, yetərincə şans verilməyib, etimadı doğrulda bilməyiblər.

- Gedənlər legioner olacaq, yoxsa yerli?

- Söhbət 2 yerli və 2 əcnəbi futbolçudan gedir. Komandanın özəyini saxlamağa çalışırıq.

- Pandemiyanın futbolçuların növbəti mövsüm üçün müqavilələrinə təsiri olacaq?

- Bu, büdcədən asılı məsələdir. İnanmıram ki, hər hansı təsiri olsun. Bu gün daha çox akademiyaya fikir veririk. U-17-dən Fərid Muxtarovu əsas komandaya dəvət etmişik. Əvəzedicidən 3 futbolçu götürmüşük. Aşağı yaş qruplarında bəyəndiyim futbolçular var. Amma pandemiyaya görə rayonlardadırlar. İstəmirəm, onları ailədən ayırıb bura gətirim. Akademiyanın fəaliyyətini bərpa etməsini gözləyirəm. Yeni mövsümdə onların əksəriyyətini əsas komandaya cəlb edəcəyəm ki, oynamasalar belə, ab-havanı yaşasınlar. Onlara ümidim böyükdür. Hətta gedəcək oyunçuların əvəzinə onlardan bəzilərinə şans verməyi düşünürəm.

- Yəqin ki, heyətə cəlb etmək istədiyiniz futbolçular var və onlarla danışıq aparırsınız...

- Açığı, hələ yoxdur. Sadəcə izlədiyimiz əcnəbi futbolçular var. Çempionatı gözləyirik. Mövsüm bərpa olunacaqsa, bütün fikrimizi ora yönəldəcəyik. Çünki qarşıda 8 ağır oyunumuz olacaq. Pandemiya bəzi komandalara mənfi, bəzilərinə müsbət təsir edə bilər. Yeni futbolçularla seleksiyaçı-məşqçimiz Zaur İsmayılov məşğul olur. Yerli futbolçuları isə artıq tanıyırıq. Danışıqlara çempionatın sonunda başlayacağıq. Bu gün desələr ki, Premyer Liqa davam etdirilməyəcək, sabahdan transfer işlərinə start verəcəyik.

- Əsas hansı mövqeləri gücləndirmək istərdiniz?

- Orta xətlə hücuma oyunçuların alınmasını istərdim.

- Hücum xəttindən söz düşmüşkən, Lorenzo Frutos mövsümə əla başladı. Hazırda da 6 qolla “Keşlə”nin ən sərrast futbolçusudur. Amma Aleksandr Kriştovaonun gəlişindən sonra paraqvaylı forvard bir qədər kölgədə qaldı. Ümumiyyətlə, birdən-birə onun ikinci plana düşməsinə nə səbəb oldu?

- Bu, rəqabətlə bağlı deyil. Qış toplanışında Frutos bizə gec qoşuldu. Həm də qrip olduğu üçün 5 gün məşqlərdən kənarda qaldı. Hmin ərəfədə üstünlüyü Kriştovaoya verdik və oyunu onun üzərində qurduq. Əslində fikrimiz başqa idi. Kriştovao ilk hissədə oynamalı, rəqib müdafiəçiləri yormalı idi. Frutos isə ikinci yarıda meydana daxil olub öz hücumçu keyfiyyətlərini göstərməli və komandaya qol yollarında xeyir verməli idi. Çünki o, cərimə meydançasında daha effektlidir, qol duyumu yüksəkdir. Hər an rəqib müdafiəçiləri qabaqlaya bilir. Əvvəlki formasından uzaq olduğu üçün ən pis halda ikinci hissənin ortalarında meydana buraxmağı düşünürdüm. Yəni Frutosun ehtiyatda qalması Kriştovaonun gəlişi ilə bağlı deyildi. Komandanın bombardiridir, onu oynatmamaq insafsızlıq olardı. Kim hazırdırsa, ona da üstünlük veririk.

- Seçim qarşısında qalsanız, hansı hücumçuya üstünlük verəcəksiniz?

- Frutos daha keyfiyyətli oyunçudur. Aleksin də öz özəlliyi var. Kiminsə xətrinə dəymək istəmirəm, amma peşəkar cavab verməliyəm. Mənim üçün Frutos daha önəmli və daha üstündür. Onun ilk 2 dövrədə göstərdiyi oyunları analiz etmişəm. İşini yüksək qiymətləndirirəm.

- Əsas qapıçınız Stanislav Namaşko ölkəsindədir. Böyük ehtimalla, çempionata onsuz başlayacaqsınız. Yəqin ki, moldovalı qolkiperin olmaması “Keşlə” üçün ciddi itkidir...

- Əlbəttə. Ümumiyyətlə, bu gün istənilən oyunçunun olmaması ciddi itkidir. Yaxşı qapıçı komandanın 70 faizi deməkdir. Amma o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Rəşad Əzizliyə də etimadımız böyükdür. Onu “Neftçi”dən yaxşı tanıyıram. Amma müəyyən səbəblərdən Rəşada şans verə bilmədik. Bəlkə də həmin şans indi olacaq. Yetərincə təcrübəsi var. Problem olacağını düşünmürəm.

- Namaşko Bakıya qayıtmaq istəyir, amma hələ alınmır. Məsələ nə yerdədir?

- Bu işlə rəhbərlik məşğul olur. Yüngül proses deyil. Çalışırlar, hər yerə əl atırlar.

- Namaşkonu növbəti mövsüm üçün də komandada saxlayacaqsınız?

- Ad açıqlamaq istəmirəm, gedənlər olacaq. Elə futbolçular var ki, buraxası deyilik. Onlardan biri də Namaşkodur.

- Dediniz ki, heyətin özəyini saxlayacaqsınız. Bu, komandanızın avrokuboklarda uğurlu çıxışı üçün kifayət edəcək?

- İndidən bunu demək mənim üçün çətindir. Avropa Liqasında pley-off mərhələsinədək irəliləmək üçün minimum 3 il vaxt lazımdır. Hazırkı heyətlə 1 və ya 2 mərhələ keçsək, yaxşı olar. Çünki yeni komandayıq. Bəlkə də pandemiya olmasaydı, normal çempionat keçirilsəydi, müəyyən fikir bildirərdim. İndiki məqamda ən azı 1 mərhələ keçmək istəyirəm. Avropa Liqasında mərhələ adlamaq mövsümə daha uğurlu start üçün təkan ola bilər.


- AFFA Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət edib. Bu məsələ nə yerdədir?

- Bu barədə məlumatım yoxdur. Prosesin getdiyini bilirəm. Amma bizə yekun qərar deyilməyib. Açığı, millinin uğurlu çıxışı üçün belə hallara normal baxıram. Bu gün bütün yığmaların heyətində əcnəbilər var. Ürəklə oynayıb xeyir verəcəklərsə, niyə də olmasın?!

- Bir ara adınız Azərbaycan millisi ilə hallanırdı. Özünüzü yığmada işləməyə hazır sayırsınız?

- Bəli, hazır hiss edirəm. Təklif olsa, qəbul edərəm. Azərbaycan millisində çıxış edən futbolçuları tanıyıram. Hamısı ilə normal ünsiyyətim var. Xarakterlərinə, xasiyyətlərinə bələdəm. Düşünürəm ki, artıq nəticə vermək vaxtı gəlib çatıb. Yığmada işləmək mənim üçün şərəfdir. Can-başla çalışmağa hazıram.

- Rəşad Sadiqov ötən mövsüm məcburiyyətdən karyerasını bərpa etdi. Bu mövsümün onun üçün sonuncu olacağını düşünmək olarmı?

- Hələlik davam edəcək. Oynayan-məşqçi funksiyasını daşıyır, meydanda və kənarda futbolçuların böyük qardaşıdır. Oyunçular bizə deyə bilmədiyi sözləri ona deyirlər. Rəşadın 38 yaşında çıxıb onlarla məşq etməsi, oynaması futbolçular üçün əlavə motivasiya olur. 1 il də mənim yanımda qalıb oynayan-məşqçi funksiyasını yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi