Tərlan Əhmədov: "Brahiminin kosovolu olmasını şişirtməyə lüzum yoxdur" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Brahiminin kosovolu olmasını şişirtməyə lüzum yoxdur" - MÜSAHİBƏ Bakı. 23 yanvar. REPORT.AZ/ “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov klubun mətbuat xidmətinə müsahibə verib.
Futbol
23 Yanvar , 2019 12:39
Tərlan Əhmədov: Brahiminin kosovolu olmasını şişirtməyə lüzum yoxdur - MÜSAHİBƏ

Bakı. 23 yanvar. REPORT.AZ/ “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov klubun mətbuat xidmətinə müsahibə verib.

“Report” xəbər verir ki, 48 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsində davam edən hazırlıq prosesi, yoxlama matçları və transferlər barədə sualları cavablandırıb...


- Təlim-məşq toplanışının böyük hissəsi artıq arxada qalıb. Hazırlıq dövründə qarşınıza hansı məqsədləri qoymuşdunuz və düşündüklərinizi həyata keçirə bildinizmi?

- Toplanışda ilkin məqsədimiz komandanın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdan ibarət idi. Bundan sonra taktiki mərhələ başlayırdı. Bakı toplanışından sonra artıq 10-cu gündür Antalyada hazırlıqlarımızı davam etdiririk və Türkiyə toplanışında iki oyun keçirmişik. Taktiki məşqlər gedir və demək olar ki, istədiyimiz bəzi taktiki, sistem dəyişikliklərini həyata keçirmişik. Bəzi səhvlər var idi ki, son iki yoxlama oyununda onlara daha çox diqqət ayırdıq, sonrakı məşqlərdə üzərində işləməyə başladıq. Ümumilikdə komandanın 2-ci yoxlama matçında fiziki hazırlıq vəziyyəti qənaətbəxş idi və gördüyümüz iş müsbət istiqamətə doğru gedir. Bəzi taktiki məsələlər var ki, onların üzərində işlədik. Keçirdiyimiz son iki yoxlama matçında fərqli heyətlə, fərqli sistem və taktika ilə meydana çıxdıq. Ona görə ki, bizi çempionatımızda 14 matç gözləyir və bütün oyunların maraqlı, eyni zamanda, çətin olacağını düşünürük. Bu baxımdan, son iki qarşılaşmada, ümumilikdə, gördüyümüz işlərdə taktiki və sistem dəyişikliklər üzərində çalışdıq.

- Hava şəraiti məşq planına necə təsir göstərdi?

- Söz yox, problem olur və oldu. İki günlük problemimiz oldu, amma bu iki gün ardıcıl olmadı. Həmin günlərdən də səmərəli istifadə etdik. Yəni, bir gün sırf fitnes məşqləri etdik. Digər problem yanvarın 22-də baş verdi. Ancaq həmin gündən də maksimum istifadə etməyə çalışdıq. Sadəcə, məşqin mahiyyətini dəyişdik, zamanı qısaltdıq və taktiki yox, tamamilə başqa tapışırıqlar üzərində işlədik. Hər halda vəziyyət nə bizdən, nə təşkilatçılardan asılıdır. Bu, təbiət hadisəsidir və vəziyyətdən səmərəli istifadə etməliyik.

- Toplanış çərçivəsində keçirilmiş iki yoxlama matçı barədə təəssüratınız necədir?

- Açığı, ilk yoxlama matçında, komandada ağır yükləmələrdən sonra gedişatı hiss etmək olurdu. Öncə qeyd etdiyim kimi, hər iki oyuna fərqli sistem və taktika ilə meydana çıxmışdıq, çünki çempionatda bizi fərqli sistem və taktika ilə oynayan komandalarla görüşlər gözləyir. Komandamızın Özbəkistanın U-23 yığması ilə oyuna ağır yükləmələrdən sonra çıxmasına baxmayaraq, meydandakı hərəkətindən çox razı qaldım. Serbiyanın "Dinamo" (Vranye) komandasına qarşı isə daha hərəkətli çıxış etdik. Birinci hissədə komandamdan istədiyim oyunu görmüşdüm, amma bəzi məqamlarda çatışmazlıq var idi ki, onlar da zamanla aradan götürüləcək. Qarşıda hələ iki yoxlama oyunu var. 2-ci hissədə heyətdə 4-5 nəfəri əvəzlədikdən sonra sistemdə də dəyişiklik etdik. Amma sonda bu sistemdə bəzi çatışmazlıqlar ortaya çıxdı. İndi biz onların üzərində işləməliyik. Ümumilikdə komandada tərəqqi böyükdür. Həm fiziki, həm komanda oyunu planında inkişaf var ki, bu da bizi çox sevindirir.

- Transferlər barədə nə deyə bilərsiniz?

- Hələlik üç futbolçu ilə müqavilə imzalamışıq. İkisi - Emin Mehtiyev və Vüsal İsgəndərli yerlidir. Mehtiyevi “Neftçi”də çıxış etdiyi zamandan tanıyıram, oyununa bələdəm və istəyirəm ki, bizə köməyi dəysin. İsgəndərli isə “Zirə”də çıxış edib. Üçüncü transferimiz Con Kamara legionerdir, Qazaxıstanın “Kaysar” komandasında çıxış edib. Həmin mövqeyə bizə təklif edilən ən optimal oyunçu məhz Kamara idi. Məşqçilər korpusu onu komandaya dəvət etdi. İki əcnəbi futbolçu da cəlb oluna bilər. Ən çox da istədiyimiz “pleymeyker”dir, onun axtarışları davam edir. Bu məsələdə tələsmək də istəmirik, çünki həmin mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik. Yaxın günlərdə hansı futbolçunun komandaya cəlb olunacağı bilinəcək.

- Mergim Brahimi adlı futbolçu komandada baxışda oldu və ilk yoxlama matçında meydana da çıxdı. Bu məsələdə nə yenilik var?

- Onun çox yaxşı futbolçu karyerası var, Yunanıstanda və İsveçrədə çıxış edib. Amma uzun zamandır futbol oynamır və çox ümidli idim ki, bəlkə o, bizə kömək edə bilər. 6 ay futbol oynamaması mənim üçün problem yaradırdı. Amma hələ heç nə bitməyib, axtarışdayıq və hər zaman hər şey ola bilər. Çalışırıq ki, daha yaxşı futbolçunu cəlb edək. Brahimi haqqında mətbuatda bəzi məlumatlar yayılmışdı, onun kosovolu olduğu bildirilmişdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, o, Kosovo mənşəlli İsveçrə vətəndaşıdır, Albaniya və İsveçrə pasportuna malikdir. Brahiminin əsli-kökü kosovoludur və bunu şişirtməyə lüzum yoxdur. Onun komandamıza cəlb olunma məsələsi hələlik açıq qalır.

Son xəbərlər

Orphus sistemi