Tahir Gözəl: "UEFA da təsdiqləsin ki, bu qələbə əlimizdən alınıb" (ƏLAVƏ OLUNUB)

Tahir Gözəl: "UEFA da təsdiqləsin ki, bu qələbə əlimizdən alınıb" (ƏLAVƏ OLUNUB) "Biz səssiz qalmayacaq, etirazlarımızı UEFA-ya bildirəcəyik"
Futbol
12 Dekabr , 2014 13:55
Tahir Gözəl: UEFA da təsdiqləsin ki, bu qələbə əlimizdən alınıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:38-də yayımlanıb. 

Bakı. 12 dekabr. Report/ "Mənim gördüyüm qədəri ilə uzun şərhə ehtiyac yoxdu. Dünən oturduğum yerdən epizod etibarı ilə görə bilmədim. Ancaq dedim ki, klub olaraq baxıb, qiymət verəcəyik. Hər kəs bunun şahidi oldu". "Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl keçirdiyi mətbuat konfransında deyib.

Klub rəsmisi Avropa Liqasının VI tur qarşılaşmasında nəticənin 0:0 olmasına rəğmən, İtaliyanın "İnter" komandasını məğlub etdiklərini deyib: "Dünən "Qarabağ" rəqibini uddu, ancaq hakim qolumuzu ləğv etdi. "Qarabağ"ın qolu mübahisəedilməzdir. Bu komanda dekabrın 15-də Nyona yollanmalı idi. Mən bu günü həsrətlə gözləyirdim, ancaq alınmadı. Dünənki qələbə statistikada heç vaxt görünməyəcək. Ancaq mənim arzum odur ki, bu oyun "Qarabağ"ın "İnter" üzərində 1:0 hesablı qələbəsi kimi yadda qalsın. Bunu biz biləcəyik, statistika yox. Qələbənin mükafatına gəldikdə, Avroliqadakı oyunlar üçün gələn pullar futbolçularla bölünür. "Qarabağ"ın büdcəsi məhduddur. Qurban müəllimlə söhbətləşəcəm, bir qərar qəbul etməliyik ki, bu işi necə həll edək". 

T.Gözəl səssiz qalmayacaqlarını və etirazlarını UEFA-ya bildirəcəklərini söyləyib: "Qarabağ" öz gücünü isbat etmiş klubdur. UEFA mədəniyyətlərdən, məqsədlərdən danışır. Onlar da təsdiq etsinlər ki, bu qələbə bizim əlimizdən alınıb. Hətta nəticəyə təsir etməsə də belə. Biz klub olaraq bu işin arxasınca getməliyik. Digər ölkələrdə, Türkiyədəki mətbuatdakı dostlarımıza da bu barədə məlumat veriləcək". 

Bununla yanaşı, "Qarabağ" rəsmisi bildirib ki, tarixi qələbə əllərindən alınsa da, həyat davam edir. O, UEFA-nın bir daha belə hakimlərə təyinat verməyəcəyinə ümid etdiyini bildirib: "Qarabağ"ın gözəl bazasını görürsünüz. Güman edirəm ki, növbəti ildə qismət olsa, bu uğuru təkrarlamaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, UEFA bu səhvi yenidən təkrarlamamaq üçün daha diqqətli olacaq və təcrübəli hakimlərə təyinat verəcək. Dünənki "Qarabağ" - "İnter" oyunu 1:0 hesabı ilə bizim xeyrimizə başa çatıb".

Son xəbərlər

Orphus sistemi