Tahir Gözəl: “Qarabağ"ın missiyası bununla bitməyəcək”

Tahir Gözəl: “Qarabağ"ın missiyası bununla bitməyəcək” "Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq"
Futbol
222
17 May , 2021 17:25
Tahir Gözəl: “Qarabağın missiyası bununla bitməyəcək”
Tahir Gözəl

“Qarabağ” futbol komandasının başqanı Tahir Gözəl bu gün klubu ziyarət edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında mövsümün son turunun “Neftçi” ilə səfər matçında futbolçulara uğurlar arzulayan T.Gözəl onlara inandığını dilə gətirib: "Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram”.

O, həmçinin çıxışında Vətən müharibəsindəki qələbə münasibətilə komandanı təbrik edib: “Biz uzun illər Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl 7 il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq".

Daha sonra T.Gözəl klubun çətin şəraitdə fəaliyyət göstərdiyinə diqqət çəkib: "Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin. Ötən mövsüm yarımçıq qaldı. Komandamız 5 aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədi. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi 1 oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qruplara qalmağı bacardı. Özü də Vətən Savaşının 3-cü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək".

Klub rəhbərinin sözlərinə görə, “Qarabağ”ın missiyası bununla bitməyəcək: "Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq. Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Komandamıza inamım sonsuzdur. 10-15 il bundan əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 7 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək" desəydi, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz "Çelsi", "Tottenhem", "Arsenal" kimi rəqiblərlə qarşılaşdıq, "Atletiko"nu qrupda saxladıq".

Son xəbərlər

Orphus sistemi