"Sumqayıt" "Zirə"ni məğlub edərək, liderliyə yüksəldi

"Sumqayıt" "Zirə"ni məğlub edərək, liderliyə yüksəldi Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.
Futbol
2012
18 Oktyabr , 2020 17:56
Sumqayıt Zirəni məğlub edərək, liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Komandalar meydana Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq, meydana həmin şəhərin təmsilçisi "Kəpəz"in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. Oyun isə dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Sumqayıt" hesabı 30-cu dəqiqədə açıb. Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə əvvəl isə onun komanda yoldaşı Əli Qurbani analoji imkandan yararlana bilməyib.

"Zirə" 35-ci dəqiqədə bərabərlik qolunu vurub. Ötən tur "Neftçi" ilə matçda olduğu kimi yenə Davit Volkov fərqlənib.

59-cu dəqiqədə isə "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov uzaq məsafədən baxımlı qolla yekun nəticəni müəyyənləşdirib.

90+4-cü dəqiqədə Kərim Diniyev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq, "Zirə"ni azlıqda qoyub.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Sumqayıt" vahid liderə çevrilib. 10 xala malik "Zirə" isə 2-ci pilləyə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Qəbələ"ni 3:0, "Neftçi" "Sabah"ı 1:0 hesabı ilə yenib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi