Stadionun tam hazır olması ilə bağlı yekun məlumatı həftəsonu UEFA-ya göndərəcəyik.
Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la (Macarıstan) oyun öncəsi Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionunda aparılan işlərlə bağlı danışarkən deyib.
Klub rəsmisi UEFA-ya məlumat göndərdiklərini söyləyib:
“Artıq son mərhələlərdir. Stadionda proseslər yekunlaşmaq üzrədir. İşlər tamamlandıqca UEFA-ya məlumat veririk. Stadionun tam hazır olması ilə bağlı yekun məlumatı həftəsonu UEFA-ya göndərəcəyik. Düşünürəm ki, bizi ləngidəcək, incidəcək heç nə yoxdur və çatışmazlıqları vaxtında aradan qaldıracağıq”.
O, işlərin tam nəzarət altında olduğunu vurğulayıb:
“UEFA nümayəndəsi gəlib-gedən gündən işlərə start vermişik. Plan-proqram tərtib olunub. Hazırda mən və klub prezidenti Riad Rəfiyev komanda ilə birlikdə Türkiyədə olmağımıza baxmayaraq, klubun digər əməkdaşları proseslərə nəzarət edir. Çalışırıq ki, hər şey qaydasında olsun”.
Qeyd edək ki, “Sumqayıt”la “Fehervar" arasında ilk görüş iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.