"Sumqayıt"ın prezidenti: "Bu dəqiqə dünyada bəlkə də ən xoşbəxt adamam"

"Sumqayıt"ın prezidenti: "Bu dəqiqə dünyada bəlkə də ən xoşbəxt adamam" İnanın ki, indiyədək belə hisslərim olmayıb. Bu dəqiqə dünyada bəlkə də ən xoşbəxt adamam.
Futbol
1 May , 2019 23:33
Sumqayıtın prezidenti: Bu dəqiqə dünyada bəlkə də ən xoşbəxt adamam

"İnanın ki, indiyədək belə hisslərim olmayıb. Bu dəqiqə dünyada bəlkə də ən xoşbəxt adamam".

"Report" xəbər verir ki, bunu "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev səfərdə "Zirə" ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra keçirdiyi brifinqdə deyib. Gənc klub rəhbəri jurnalistlərin digər suallarını da cavablandırıb...

Qarşılaşmanın bu cür gərgin keçəcəyini gözləyirdiniz?

- Deməzdim ki, gərgin oyun oldu. İstədiyimizi ilk yarıda etdik. Məqsədimiz məhz fasiləyədək mümkün qədər tez və çoxlu qol vurmaqdan ibarət idi. Çünki ilk oyunda öz meydanımızda qol buraxmamışdıq. İkinci hissədə 3 top buraxmağımıza əsasən belə düşünürəm ki, uşaqlar bir az boşaldılar. Amma sonda mərhələ adlayan tərəf biz olduq. Bu münasibətlə hamını öpür, bütün sumqayıtlıları təbrik edirəm. Şəhərimizin 70 illik yubileyinə final hədiyyə etdik. Qismət olsa, kuboku da Sumqayıta gətirərik.

İkinci hissədə qollar buraxdıqdan sonra həyəcanlı görünürdünüz...

- Mən ümumiyyətlə, bütün oyunlarda həyəcanlı oluram. Hətta 3:0 hesabı ilə öndə olduğumuz vaxt da deyirdim ki, futboldur, hər şey ola bilər. Ona görə də boşalmaq olmaz.

Mükafat gözlənilir?

- Mükafat hər zaman olub: İstər çempionat, istərsə də kubok qarşılaşmalarından sonra. Yenə mükafat olacaq.

Naxçıvandakı final matçına "Sumqayıt" azarkeşlərini aparmaq mümkün olacaqmı?

- Azarkeşlərimizə dəstək olacaq, köməklik göstərəcəyik ki, Naxçıvanda finala baxa bilsinlər. Mütləq! İmkan daxilində hamıya kömək etməyə çalışacağıq.

Rəqibin "Qarabağ" yox, "Qəbələ" olması sizi kuboka daha da yaxınlaşdırmır?

- Fərqi yoxdur. Final bir oyundan ibarətdir. Ötən mövsüm də hamı "Qəbələ"nin finalda "Keşlə"ni rahat keçəcəyini deyirdi. Amma "Keşlə"nin necə oyun sərgilədiyini özünüz də gördünüz. Ona görə də əvvəlcədən bilmək olmur. Əlbəttə, mən hər iki finalçıya uğurlar arzulayıram. İstərdim ki, həlledici qarşılaşmayadək hamı formada olsun və görüş zədəsiz başa çatsın.

Naxçıvanda isti hava şəraitində finalın gündüz vaxtı keçirilməsi problem yaratmayacaq?

- İnanın ki, ötən mövsüm Gəncədə də, elə Sumqayıtda da istidə çıxış edirdik. Apreldə ev oyunlarımız günorta saatlarına təyin edilsə də, çıxıb oynayırdıq. Nə qərar veriblərsə, onu da edəcəyik. Problem yoxdur, gedib oynayacağıq.

Avropa Liqasına vəsiqə qazansanız, yenə yerli futbolçularla çıxış edəcəksiniz?

- Bizim öz strategiyamız, siyasətimiz var. Neçə illərdir bu strategiya ilə davam edirik. Bu gün Sumqayıt tarixində ilk dəfə komandamız yerli uşaqlarla finala yüksəldi. Bundan sonra necə olacağını deyə bilmərəm. Amma hazırkı strategiyamız bizi tam qane edir. Bəzi adamlar inanmırdılar. Azərbaycanlı futbolçularla uğur qazanmağın çətin olduğunu bildirirdilər. Amma biz bunun əksini sübut etməkdəyik.

Əvvəllər Peyman Babayi çox müzakirə olunurdu. Qol vura bilmədiyi epizodlarda günahı hamı onda görürdü…

- Ümumiyyətlə, Peymanla yanaşı, Əmir Babayev də gözləntilərimizin qarşılığını verməyə başlayıblar. Biz onları belə görüb-götürmüşük. Sadəcə, Əmir zədələnərək, bir ayadək sıradan çıxmışdı. Amma biz onun potensialına bələd idik. Nəyə qadir olduğunu bilirdik. Babayev artıq iki oyundur potensialını hamıya tam göstərir və hamı bunun şahididir. Babayi də son 5 oyunda istəklərimizin əvəzini verir. Sadəcə, onda uyğunlaşma dövrü gec keçdi.

Klub prezidenti kimi 32 yaşınızda finala vəsiqə qazanırsınız. Kuboku qazansanız, bu, karyeranızda yeni mərhələ yarada bilər?

- Bunu heç düşünmürəm. Əsas odur ki, komandamız finaldadır. Digər məsələləri heç fikirləşmirəm. Əvvəlcədən qarşımıza məqsədlər qoymuşuq və o hədəflərə doğru irəliləyirik.

Son xəbərlər

Orphus sistemi