Sadıxov "Neftçi" ilə matçı buraxa bilər

Sadıxov "Neftçi" ilə matçı buraxa bilər Ayxan Abbasov: "Futbolçunu yığmadaki bir oyuna görə tərifləmək yaxşı olmaz"
Futbol
585
10 Sentyabr , 2020 18:09
Sadıxov Neftçi ilə matçı buraxa bilər

"Avropa Liqası bizim üçün bitib, bu, futbolçularımız üçün təcrübə oldu. Avrokuboku unudub çempionata köklənməliyik. Növbəti rəqibimiz "Neftçi"dir, bizə Premyer Liqada xallar lazımdır, yaxşı nəticə üçün meydana çıxacağıq. Flaqman da ölkənin ən güclü komandalarından biridir". 

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Neftçi"yə qarşı səfərdə keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçı barədə danışarkən deyib. 

39 yaşlı mütəxəssis oyunöncəsi komandada itkinin olmadığını sözlərinə əlavə edib: "Oyundan əvvəl hamı rəqibə ciddi yanaşır və məğlub olmaq istəmir. Çempionatda marafon uzundur, hazırda II turdayıq. Biz də bu görüşə digərləri kimi məğlub olmamaq üçün çıxacağıq".

Gənc baş məşqçi flaqmanla matçda millinin düşərgəsindən qayıdan Rəhim Sadıxovun iştirakı ilə bağlı məsələnin dəqiq olmadığını sözlərinə əlavə edib: "Sadıxov bu gün bizimlə məşqlərə qoşulub, meydanda olacağı ilə bağlı tam qərar verməmişik. Yəqin ki, qərarı onun sabahkı durumuna görə verəcəyik".

Sadıxov Azərbaycan yığmasının UEFA Millətlər Liqasının II turunda Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub etdiyi görüşdə 77 dəqiqə meydanda olub və müsbət təsir bağışlayıb. Lakin Abbasovun fikrincə, futbolçunu yığmadakı bir oyuna görə tərifləmək yaxşı olmaz: "İnanıram ki, Rəhim özü də bunu düzgün qəbul edəcək və daha yaxşı matçları olacaq. Komanda olaraq, ona həmişə güvənmişik və inanırıq ki, gələcəkdə bizim yığmanın ən önəmli üzvlərindən biri olacaq".

Qeyd edək ki, sentyabrın 11-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı saat 19:00-da başlayacaq.

Orphus sistemi