"Soçi"nin baş məşqçisi: "Keşlə"də fərdi ustalıqları üstün olan futbolçular var"

"Soçi"nin baş məşqçisi: "Keşlə"də fərdi ustalıqları üstün olan futbolçular var" "Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda nəzarəti əldən verdik. Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı bütün komandanı aldadaraq 2 qolun vurulmasına səbəb oldu".
Futbol
29 İyul , 2021 22:52
Soçinin baş məşqçisi: Keşlədə fərdi ustalıqları üstün olan futbolçular var
Vladimir Fedotov

"Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda nəzarəti əldən verdik. Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı oyunçu bütün komandanı aldadaraq 2 qolun vurulmasına səbəb oldu".

"Report"un məlumatına görə, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov Bakıda "Keşlə"yə 4:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, futbolçuların çoxunun oyun ərzində bütövlüklə müdafiəyə toplaşması onu narahat edib: "Evdəki kimi uzaqdan zərbələr vura bilmədik. Hər halda bu görüşdə qələbə qazanmaq bizə nəsib oldu".

Fedotov "Soçi"nin futbolçularının aqressiv oynamadığını söyləyib: "Tribunada olanda epizodlar başqa cür görünür. Düşünürəm ki, mənim futbolçularımda aqressiya çatmırdı. Topu hərəkət etdirəndə oyunçularım ehtiyyatlı davranırdı. Rəqibə boşluqlar verirdilər. Onlar da bundan istifadə edib, rahat davranırdı. Ot örtüyünün də suni olması sürətin azalmasına səbəb oldu. Bu mənada düşünürəm ki, biz aqressiv deyildik. Oyundan öncə futbolçularıma bildirmişdim ki, yenə qələbə qazanmalıyıq. Onlara minnətdaram ki, mənim sözümü yerə salmadılar. Onlar bütün güclərini sərf edərək qalib gəldilər. Ev oyunumuzda azarkeşlər yox idi. Bu qarşılaşma isə canlı yayımlanırdı. Uşaqlar özlərini azarkeşlərə göstərməli idilər. Futbolçularım buna nail oldular".

Baş məşqçi "Keşlə"nin yeni qurulan komanda olduğunu sözlərinə əlavə edib: "Bir çox oyunçular "Keşlə"yə yeni qoşulub. Ola bilər ki, bir qədər oyun praktikasından əziyyət çəkirlər. Fərdi ustalıqları üstün olan futbolçular var. İndi qalıb komanda olaraq formalaşmaq. Bundan sonra onlar üçün hər şey yaxşı olacaq. Bu komanda hücumameyillidir. Bu da hər kluba üstünlük verən amildir. "Keşlə"yə uğurlar arzulayıram".

O, Konfrans Liqasında "Qarabağ"la qarşılaşmaq ehtimalı barədə də danışıb: "Mən dünən də dedim ki, ölkənizə ikinci dəfədir gəlirəm. Bura mənə çox xoş təsir bağışladı. Bakı həqiqətən də gözəl şəhərdir. Dünən "Neftçi"nin matçında tribunalar dolmuşdu. Bu gün də "Keşlə"nin matçında azarkeşlər var idi. Burada hər şey çox gözəldir. Amma indi ancaq reallıqdan danışmaq lazımdır. Hələ pley-off mərhələsinə vəsiqə qazanaq. Bundan sonra nələrin olacağını görəcəyik".

Son xəbərlər

Orphus sistemi