"Qrupda inkişafa nail olmaq istəyiriksə, müntəzəm xallar toplamalıyıq. Bakıda xal qazanmaq bizim üçün həddən artıq vacib olacaq. Əks halda, baş məşqçimiz Pavel Hapalın da dediyi kimi, növbəti mərhələyə yüksəlmək sarıdan çoxlu çətinliklə üzləşərik".
"Report"un məlumatına görə, bunu Slovakiya milli komandasının futbolçusu Peter Pekarik bu gün Azərbaycan yığması ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl "profutbol.sk"ya açıqlamasında deyib.
Almaniya "Herta"sında çıxış edən 33 yaşlı müdafiəçi bildirib ki, üç gün əvvəl İordaniyaya 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü ilə müqayisədə rəsmi oyuna fərqli heyətlə çıxmaları onlara problem yaratmayacaq: "Belə hazırlıq üslubunu hələ martda Uels yığması bizimlə matçdan öncə seçmişdi. Həmin vaxt yoldaşlıq görüşündə Trinidad və Tobaqoya 1:0 hesabı ilə qalib gəldikdən sonra britaniyalılar bizi də eyni nəticə ilə yenmişdi. Baxmayaraq ki, onlar rəsmi oyuna tam fərqli heyətlə çıxmışdılar. Bu dəfə isə baş məşqçimiz hər şeyi düşünüb. O, İordaniya ilə görüşdə yeni oyunçulara şans vermişdi".
Qeyd edək ki, Slovakiya yığması E qrupunda hələlik 2 oyun keçirib. Martın 21-də evdə Slovakiyaya qalib gələn Pavel Xapalın baş məşqçi olduğu kollektiv bundan 3 gün sonra səfərdə Uelsə uduzub - 0:1. Slovakiya hər iki qarşılaşmada eyni start heyətindən yararlanıb. Azərbaycanla matçda isə Miroslav Stox, Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benes müxtəlif səbəblərdən forma geyinə bilməyəcək.
"Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.