“Şimal”ın prezidenti: Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu olduq

“Şimal”ın prezidenti: Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu olduq Ümumilikdə 13 futbolçunu heyətə daxil edə bilmədik. Halbuki 18 nəfərlik heyət təqdim etməli idik.
Futbol
4 İyul , 2024 12:21
“Şimal”ın prezidenti: Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu olduq

Regionlar Kuboku yaranandan yarışda xal qazanan ilk Azərbaycan klubu “Şimal” oldu.

Bunu “Report”a açıqlamasında Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” klubunun prezidenti Qılman İbrahimov deyib.

O, B qrupunda Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” klubları ilə keçirdikləri oyunlar barədə danışıb:

“Regionlar Kuboku yaranandan yarışda xal qazanan ilk Azərbaycan klubu “Şimal” oldu. Buna qədər “Cəbrayıl” da iştirak etmişdi və hər iki oyunda məğlub olmuşdu. İsveç klubu ilə oyunun nəticəsi nə qədər xoş olsa da, Gürcüstan təmsilçisinə böyükhesablı məğlubiyyət üzücü idi”.

Q.İbrahimov Kutaisidə baş tutan turnirə problemlər fonunda qatıldıqlarını deyib:

“UEFA Regionlar Kubokuna hazırlaşarkən müəyyən təlimatlara əməl etməli idik. Heyətdə vaxtilə peşəkar futbolla məşğul olmuş futbolçuların çıxışına icazə verilmirdi. Bundan əlavə, oyunçuların yaşı 40-dan yuxarı və 18-dən aşağı olmamalıdır. Bu şəkildə 8 nəfəri itirdik. Gənc futbolçulardan isə 4 nəfəri oynada bilmədik. Həmçinin oyunçular ən azı son iki ildə hansısa həvəskar komandada oynamalıdır. Bir nəfəri də bu səbəbdən komandada saxlamaq mümkün olmadı".

Klub rəsmisi heyəti əsasən Qusar və Xaçmaz bölgəsində formalaşdırdıqlarını vurğulayıb:

"Digər problem isə onların xaricə aparılması ilə bağlı idi. Çünki kənddə böyümüş, regiondan kənara çıxmamışdılar. Sənəd problemləri ortaya çıxdı. Proseslər kifayət qədər vaxt apardı, hətta bəziləri alınmadı. İlk oyuna qədər isə komanda birlikdə məşq edə bilməmişdi. Bu səbəbdən Gürcüstan komandasına 0:5 hesabı ilə məğlub olduq. İsveç təmsilçisi ilə oyundan əvvəl hazırlıq üçün müəyyən imkanımız oldu, komandanın fiziki durumunu nisbətən yaxşılaşdırdıq. Nəticədə matç 2:2 hesabı ilə bitdi. Təəssüf ki, rəqib sona yaxın hesabı bərabərləşdirdi”.

Qeyd edək ki, AFFA Region Liqasının qalibi kimi UEFA Regionlar Kubokuna qatılan “Şimal” klubu Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupunda yerli “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupdakı ikinci matçını İsveçin “Qothenburq” komandasına qarşı keçirib və görüş 2:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi