"Bizim üçün çətin olacaq. "Səbail"də olanda "Qarabağ"a qarşı oynadıq, amma mən meydanda deyildim. "Qarabağ" Azərbaycanın futbolda sahib olduğu ən yaxşı şeydir. Meydan sahibi aşkar favoritdir, ancaq indidən təslim olmaq istəmirik".
"Report"un məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Sileks" klubunun qapıçısı Daniel Bojinovski Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la matçdan əvvəl "Sportmedia" nəşrinə açıqlamasında deyib.
31 yaşlı qolkiper bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qorxmamalıdırlar. Onun sözlərinə görə, bildikləri kimi oynamalıdırlar: "Biz yalnız müdafiəyə diqqət yetirməməliyik, onda sürpriz etmək şansımız olmayacaq. Rəqibin yaxşı hücumçuları var və onları diqqətdə saxlamalıyıq. "Qarabağ"ın bizdən daha çox təcrübəsinin olduğu aydındır. Mən avrokuboklarda çıxışdan bəhs edirəm. "Qarabağ"dan fərqli olaraq, bizim əksər oyunçularımız avrokuboklarda debüt edəcəklər. 90 dəqiqə ərzində hər şey mümkündür, cütün taleyi iki oyundan sonra həll olunsaydı, şansımız çox az olardı".
Bojinovski bugünkü qarşılaşmada qol buraxmayacağına ümid edir: "Sensasiyaya ümid edirəm. Əgər məğlub olsaq, Avropa Liqasında daha bir oyunumuz olacaq. Biz bu gün "Sileks" və Makedoniya futbolu üçün oynayacağıq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.