Sezar Meza Kolli: "Neftçi" ilə bütün mümkün titulları qazanmaq istəyirəm"

Sezar Meza Kolli: "Neftçi" ilə bütün mümkün titulları qazanmaq istəyirəm" "Neftçi"nin böyük klub olduğunu əvvəldən bilirdim. Çünki illərdir Azərbaycanda futbol oynayıram".
Futbol
25 İyun , 2021 20:54
Sezar Meza Kolli: Neftçi ilə bütün mümkün titulları qazanmaq istəyirəm
Sezar Meza Kolli

"Neftçi"nin böyük klub olduğunu əvvəldən bilirdim. Çünki illərdir Azərbaycanda futbol oynayıram".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Sezar Meza Kolli klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Paraqvaylı yarımmüdafiəçi bildirib ki, flaqmandan təklif alanda qardaşı Derlis Meza Kolli ilə məsləhətləşib: "O, mənə "Neftçi" haqqında çox yaxşı danışdı. Vaxtı ilə komanda yoldaşı olmuş Emin Mahmudov və Namik Ələskərov barədə də müsbət fikirlər söylədi. Həmçinin baş məşqçi ilə də danışığımız oldu. Bu söhbətin "Neftçi"yə keçidimlə bağlı qərar verməyimdə daha çox köməyi dəydi. İlk gündən məni doğmaları kimi qəbul etdikləri üçün komanda yoldaşlarıma təşəkkür edirəm".

30 yaşlı pleymeykerin sözlərinə görə, şəxsi hədəfi komandanın daha da güclü olması üçün fayda verməkdir: "Ümumi məqsədlərə gəlincə, bütün mümkün titulları qazanmaq istəyirəm. Bayaq da dediyim kimi, həm məşqçilər heyəti, həm də futbolçular məni çox isti qarşıladı. Buna görə hamısına minnətdaram".

Təcrübəli oyunçu Sloveniya toplanışının yaxşı keçdiyini söyləyib: "Yavaş-yavaş formamızı bərpa etməyə çalışırıq. İnanıram ki, bir neçə gündən sonra daha yaxşı vəziyyətdə olacağıq".

Meza Kolli baş məşqçi Samir Abbasovun oyun sistemində özünü rahat hiss etdiyini vurğulayıb: "Çünki bir neçə il əvvəl Kaxaber Sxadadzenin rəhbərliyi altında bu sistemdə oynamışam. Buna baxmayaraq, Abasov hansı mövqeni tapşırsa, orada da özümü rahat hiss etməyə çalışacağam".

Yarımmüdafiəçi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibləri olan Gürcüstanın "Dinamo" (Tbilisi) klubundan da söz açıb: "Dinamo" çox yaxşı komandadır. Məşqçilər heyəti rəqib haqqında bizə tez-tez məlumat verir. Günü-gündən onlar barədə daha çox informasiya alırıq. Ümidvaram ki, həmin oyunadək tam hazır olacağıq".

Futbolçu sonda "Neftçi" azarkeşlərinə təşəkkür edib: "Komandaya transfer olduğum ilk gündən mənə böyük dəstək verirlər. Qardaşım da mənə "Neftçi" fanatları haqqında çox şey danışıb. Onları xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, son klubu "Keşlə" olan Sezar Meza Kolli "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi