Bakı. 19 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. İspaniyanın "Sevilya" klubu İtaliya "Latsio"sunu qəbul edəcək.
Turnirin 5 qat qalibi olan ispanlara bu oyunda heç-heçə də sərf edir. İtaliyadakı ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Roma təmsilçisi 1/8 final üçün mütləq qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
"Sevilya"nın heyətində Maksimilian Vyober və komandanın əsas futbolçularından hesab olunan Ever Baneqa cəza səbəbindən bu matçı buraxacaq. "Latsio"nun isə heyətində itki yoxdur.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək. Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.
Avropa Liqası
1/16 final, cavab oyunu
20 fevral
21:00. "Sevilya" (İspaniya) - "Latsio" (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun 1:0