Sergey Litovçenko: "Qarabağ"ın oyun üslubu "Şaxtyor"a bənzəyir"

Sergey Litovçenko: "Qarabağ"ın oyun üslubu "Şaxtyor"a bənzəyir" Bakı. 26 fevral. REPORT.AZ/ Kəpəzin qapıçısı Sergey Litovçenko səfərdə Qarabağa 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib.
Futbol
26 Fevral , 2018 09:25
Sergey Litovçenko: Qarabağın oyun üslubu Şaxtyora bənzəyir

Bakı. 26 fevral. REPORT.AZ/ "Kəpəz"in qapıçısı Sergey Litovçenko səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib.

Ukraynalı qolkiper "Report"un da suallarını cavablandırıb.

- "Kəpəz” qış fasiləsindən sonra keçirdiyi hər 3 oyunda sona yaxın qapısından top buraxır. Qapının toxunulmazlığını sona qədər niyə qoruya bilmirsiniz?

- Bu gün müdafiədə yığcam oynadıq. Döyüşdük, vuruşduq, əlimizdən gələni etdik ki, bir xal qazanaq. Lakin sona 5 dəqiqə qalmış bir epizodda tarazılığı itirdik. Nəticədə acı qol buraxdıq. Bununla belə, layiqli təsir bağışladığımızı düşünürəm. Əlbəttə, "Qarabağ" yüksək səviyyəli komandadır. Biz isə onlarla layiqincə mübarizə apardıq.

- Bəs hər dəfə sona yaxın konsentrasiyanı itirməyinizə səbəb nə olur? Bu dəfə də Dani Kintana qol epizodunda tamamilə nəzarətsiz qalmışdı…

- Təbii ki, araşdırmaq, oyunun videoyazısına baxaraq analiz etmək lazımdır. Fikrimcə, bəzi futbolçular müəyyən epizodlarda sonadək işləmədilər. Bu səbəbdən, problem yarandı. Digər tərəfdən, ön xətdə qolumuz da çatmır, fərqlənə bilməkdə çətinlik çəkirik. Qol vursaydıq, işimiz asanlaşardı. Lakin hələlik hücumda yaradıcı oyun çatmır, arxada isə bir epizod matçın taleyini həll edir.

- Qol epizodunda rəqibin topu əli ilə vurduğu deyilir. Siz gördünüzmü?

- Həmin epizoda baxa bilmədik. Lakin paltardəyişmə otağında baş məşqçi Yunis Hüseynov dedi ki, qolu əllə vurdular. Lakin biz orada epizodu təkrar görmədik. Deyirlər ki, "Qarabağ" qolu əllə vurub. Lakin artıq heç nəyi dəyişmək mümkün deyil. Oyun başa çatıb. Biz sonadək çalışmadığımız üçün qapımızdan top buraxaraq, uduzmuşuq.

- Oyun planında artırsanız da, qış fasiləsindən sonra ardıcıl üçüncü məğlubiyyəti alırsınız...

- Təbii ki, bu sadə bir vəziyyət deyil. Xal götürmək psixoloji cəhətdən çətindir. Mövsümün ilk yarısında xeyli xal itirmişik. Hazırda çoxlu yeni futbolçumuz var. Yenicə birgə oynamağa başlayırıq. Fikrimcə, gücümüzü ortaya qoya biləcək, çempionatda layiqli təsir bağışlayacaq, vəziyyətimizi düzəldəcəyik.

- "Qarabağ" bundan əvvəl qarşılaşdığınız komandalarla müqayisədə sizi nə ilə təəccübləndirdi?

- "Qarabağ" çox yaxşı komandadır. Birinci dəfədir ki, onlara qarşı oynayırdım. Ukraynadakı çıxışlarımızı xatırlayıram. "Qarabağ"ın oyun üslubu "Şaxtyor"a bənzəyir. Topu nəzarətdə saxlayan balanslaşdırımış, hər şeyi dəqiq edən, sürətli oynayan komandadır. Rəqib çox xoşuma gəldi. Azərbaycanda belə bir komandanın olması xoş haldır.

Son xəbərlər

Orphus sistemi