"Narahatlıq üçün əsas yoxdur. Amma ciddiyət olmalıdır. Arxayınlaşmaq olmaz. Düzdür, tarixdə nəticə qalır. Amma Bakıdakı ilk matçda öz oyunumuzu göstərə bilməmişdik. Lissabona rahat getmək istəyiriksə, sabah qələbə qazanmalıyıq".
"Report"un məlumatına görə, bunu Serbiya millisinin futbolçusu Uroş Spayiç evdə Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı müdafiəçi hər şeyin öz əllərində olduğunu bildirib: "Rəqibə meydanda nəsə etmək imkanı verməmıliyik. Meydana inamlı çıxsaq, ilk yarım saatda üstünlüyü ələ ala bilərik. Gərginliyə düşməmək üçün erkən qol vurmaq lazımdır".
Rusiyanın "Krasnodar" klubunda çıxış edən oyunçu bütün diqqətlərinin Azərbaycanla qarşılaşmada olduğunu söyləyib: "Sabah qələbə qazansaq, Portuqaliya ilə matça hazırlaşmaq üçün vaxtımız çox olacaq. Hazırda isə bu oyun daha vacibdir".
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.