Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Səbail" komandası "Keşlə"ni qəbul edib. "Bayıl Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv hər iki qolu ilk yarıda vurub. 24-cü dəqiqədə Yevgeni Koçuk Tural Axundova qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərqi artırıb.
İkinci hissədə isə qonaqlar üstün tərəf olublar. Buna 49-cu dəqiqədə Koçukun ikinci sarı vərəqədən sonra azlıqda qalması da təsirsiz ötüşməyib. "Keşlə"nin təsəlli qolunu 90+2-ci dəqiqədə Denis Silva vurub.
Beləliklə, rəqibinə ilk dövrədəki hesabla qalib gələn "Səbail" xallarını 16-ya çatdırıb və "Sabah"la 3-4-cü yerləri bölüşür. 5 xala malik "Keşlə" isə 7-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" "Zirə"ni 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 2:2.
Tura saat 17:00-da başlanan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.