"Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür. Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq".
"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın V turundan təxirə salınmış matçda "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer gözlənilir: "Artıq makedoniyalı oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədir. "Sumqayıt"la oyuna kimi heyətə bir oyunçu qatılacaq. Müdafiə mövqeyinə isə axtarışlar davam edir. Tapmasaq, bu heyətlə davam edəcəyik. Bizi sevindirən odur ki, Ədilxan Qarəhmədov yaxşı oynadı. Nəinki o, digər gənclər də yaxşı təsir bağışladı".
Hacıyev ev oyunlarını keçirdiklərini "ASCO Arena"nın ot örtüyü ilə bağlı problem olduğunu söyləyib: "İnanıram ki, gələcəkdə bütün arenalar təbii ot örtüyü olacaq. Futbolçular üçün çətindir. Bilmirəm nə fikirləşim ki, onları oyuna sağlam çıxarım".
Nikolas Hagenin səhvi barədə də danışan baş məşqçi digər oyunçuların da yaxşı çıxış etmədiyini deyib: "Qapıçı mövqeyi çətindir. Onun səhvlərinin digərlərindən çox olduğunu düşünmürəm. Yaxın zamanda Kamran Ağayevə şans verməyi planlaşdırırıq. Çempionatın sonunadək avrokubok üçün mübarizə aparacağıq. Komandalar arasındakı xal fərqi azdır".