"Təcrübə baxımından "Qarabağ" bizdən üstündür. Əvvəlki matçlarda bu rəqibə qarşı yaxşı çıxış etmişdik. Bu gün isə bunu bəzi epizodlarda edə bildik".
"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Qarabağ" 0:4 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.
38 yaşlı mütəxəssis deyib ki, "Səbail" avrokuboka vəsiqə qazansa da görüləsi işləri çoxdur: "Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdur. Maykl Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudur. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyib.
Hacıyev bildirib ki, "Səbail" rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin hələ detallar barədə söhbət olmayıb: "Medal qazanacağıma inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".