“Partizan”ın “Sabah” önündə yeganə üstünlüyü təcrübəli olmasıdır”.
Bunu “Report”a açıqlamasında “Sabah”ın serbiyalı sabiq futbolçusu Saşa Stamenkoviç Bakı klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində həmyerliləri “Partizan” önündə şanslarını dəyərləndirərkən deyib.
38 yaşlı qapıçı 2018-2021-ci illərdə formasını geyindiyi “Sabah”ın bu cütdə şansının az olmadığını düşünür: “Sabah” gənc olmasına baxmayaraq, artıq Azərbaycanın iddialı komandalarından birinə çevrilib. Hətta qısa müddətdə “Qarabağ” kimi rəqiblə çempionluq uğrunda mübarizə apardılar. Baş məşqçiləri Murad Musayev yüksək səviyyəli mütəxəssisdir. Yəni, “Partizan”ın işi heç də asan olmayacaq. Bu dueldə hansı komanda mərhələ adlasa, sürpriz sayılmaz”.
2011-2015-ci illərdə “Neftçi”nin qapısını qoruyan Stamenkoviç “ağ-qaralar”ı da izlədiyini söyləyib. O, komandanın Konfrans Liqasının III raundunda Türkiyə təmsilçisi “Beşiktaş”a rəqib olmasını bəxtsizlik hesab edir: “Nəticələrindən asılı olmayaraq, “Neftçi”ni çox sevirəm, mənim üçün Azərbaycanın ən yaxşısıdır. Yeni baş məşqçiləri var, heyətdə bir çox dəyişikliklər olur. Təsnifat mərhələsində “Beşiktaş”a rəqib olmaları yaxşı olmadı. Çünki “Beşiktaş” ən azı qrupda oynayacaq səviyyədə rəqibdir. Futbolda mümkünsüz heç nə yoxdur. “Beşiktaş”la görüşlərin nəticələrindən asılı olmayaraq, “Neftçi” inkişaf yolundan vaz keçməməlidir. Onların tezliklə yenidən Azərbaycan Premyer Liqasında çempionluğa oynayacaqlarına inanıram”.
Qeyd edək ki, “Sabah” - “Partizan” (20:00) və “Neftçi” – “Beşiktaş” (21:00) oyunları avqustun 10-da keçiriləcək. Azərbaycan təmsilçiləri ayın 17-də səfərdə cavab görüşünə çıxacaqlar.