Samir Əliyev: "İslamiada üçün "qaymaqlar" Premyer Liqa klublarındadır"

Samir Əliyev: "İslamiada üçün "qaymaqlar" Premyer Liqa klublarındadır" "Yarış elə bir tarixdə keçiriləcək ki, həmin vaxt Azərbaycan klubları avrokuboklarda və Premyer Liqada çıxış edəcəklər"
Futbol
30 Mart , 2022 12:05
Samir Əliyev: İslamiada üçün qaymaqlar Premyer Liqa klublarındadır
Samir Əliyev

"Yarışda 23 yaşadək futbolçular çıxış etməlidir. Hansı ki, Azərbaycanda həmin təvəllüdlü ən "qaymaq" uşaqlar "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Keşlə" və digər Premyer Liqa təmsilçilərinin heyətlərində yer alıblar".

Bunu "Report"a açıqlamasında 23 yaşadək futbolçulardan Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis İslamiadanın uyğunsuz vaxta düşdüyünü bildirib: "Yarış elə bir tarixdə keçiriləcək ki, həmin vaxt Azərbaycan klubları avrokuboklarda və Premyer Liqada çıxış edəcəklər. Bu səbəbdən, Konyaya hansı heyətlə yollanmağımız və planlarımız barədə qərar verilməyib".

Əliyev U-20 yığması ilə turnirin hazırlıqlarına başladıqlarını söyləyib: "20 - 29 martda Bakıda təlim-məşq toplanışında olduq. U-21 yığmasına düşməyən oyunçularla hazırlıq prosesi keçdik. Bu heyətdən Türkiyəyə aparacağımız oyunçular olacaq".

Baş məşqçi klubların da avqustda gənc futbolçulara ehtiyac duyacağını sözlərinə əlavə edib: "Bu səbəbdən, hansı yaş qrupu ilə İslam Həmrəyliyi Oyunlarına yollanacağımız hələlik dəqiqləşməyib. Amma müxtəlif yaş qruplarından ibarət millilərin - U-19, U-20, U-21 seçmələrinin hamısından oyunçular cəlb edə və komanda formalaşdıra bilərik. Klublara da mane olmaq istəmirik. Çünki avrokuboklarda ölkəmizi təmsil edəcəklər. Yəqin ki, bütün bu məsələlər qarşıdakı ayda danışılacaq. Hazırda istər federasiya rəhbərliyi, istərsə də futbol ictimaiyyətinin fikri milli komandalara yönəlib. Ona görə aprelin ortalarınadək bütün planlarımız bəlli olacaq".

Reqlamentə əsasən İslam Həmrəyliyi Oyunlarına 3 sərbəst yaşa malik futbolçular da qatıla bilər. Mütəxəssis bu baxımdan da bir çox futbolçunu gözaltı etdiklərini deyib: "Hansı mövqelərin axsadığını və hansında problemlərin olduğunu bilirik. Siyahımız genişdir, kimləri cəlb edə bilsək, onlarla da yarışa yollanacağıq".

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq. Azərbaycan millisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Son xəbərlər

Orphus sistemi