Samir Abasov: "Onsuz da biz nə desək, olay olur"

Samir Abasov: "Onsuz da biz nə desək, olay olur" "Onsuz da biz nə desək, olay olur, bu cür qarşılayırlar".
Futbol
12 May , 2022 21:04
Samir Abasov: Onsuz da biz nə desək, olay olur
Samir Abasov

"Onsuz da biz nə desək, olay olur, bu cür qarşılayırlar".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov azarkeşlərlə bağlı məsələyə münasibət bildirərkən deyib.

44 yaşlı mütəxəssis artıq buna normal yanaşdığını söyləyib: "Bunlar bir günün içində baş verən proseslər deyil. Burada oyunun təzyiqi də rol oynayır. Bilirsən ki, haradasa partlaya bilər. Çünki hər iki tərəf də insandır. Bundan öncəki proseslərdən medianın xəbəri yoxdur. Bildiyim qədərilə, bizim ən qatı azarkeş qrupumuz olan "Forza Neftçi"də də liderlər dəyişib. Bəlkə onların da xəbəri yoxdur. Hesab edirəm ki, bu, azarkeşlərlə mənim aramda son qalmaqal olar".

Abasov "Neftçi"yə baş məşqçi təyin olunduqdan sonra heç bir görüşdən qaçmadığını bildirib: "Dəfələrlə "Neftçi TV"də canlı yayıma çıxmışam. Azarkeşlərimiz bazaya gəlib, oturub söhbət etmişik. Onların istəklərini dinləmişik. Mənə deyiblər ki, biz sizi, kiminlə mübarizə apardığımızı başa düşürük. Onlar da reallığı dərk edir. İstəyirlər ki, komandamız, sadəcə, mübarizə aparsın, canını qoysun, loqoya görə oynasın. Bundan sonra hansısa azarkeşin "İstefa" qışqırması, təzyiq etməsi məni də çaşdırır. Burada mövqesizlik görürəm. Yəni, nə danışmışıq, nə tələb edirlər. Sırf həmin insanları nəzərdə tuturdum".

Komandanın sadiq azarkeşlərinin ondan incidiyini söyləyən baş məşqçi həmin ifadəni bütün fanatlara aid etmədiyini vurğulayıb: "Fikrimcə, bu açıqlamamdan sonra onlar da bizi anlayışla qarşılayarlar. İndiyədək bütün fanatların istəklərini komanda olaraq qarşılamışıq. Nə istəyiblərsə, etmişik. Bu cür hadisə məni də üzdü. Yenə deyirəm. Heç kimdən çəkinmirəm. Telefonla danışdığım azarkeşlər də olub. Özlərinə də deyirəm ki, komanda bu vəziyyətdə 2-ci yeri tutubsa, ən azından nəyəsə nail olub. "Qaradağ Lökbatan"ın futbolçularını da gətirsən, azarkeşlərimiz bu komandadan çempionluq istəyəcəklər. Biz verdiyimiz sözə görə mübarizə aparacağıqq. Alınıb-alınmayacağını, hara kimi çatacağımızı zaman göstərəcək. Meydanda canımızı qoyacağıq. Razıyam, oyun baxımından narazılıq ola bilər. Məni qınayırlar ki, mətbuat konfranslarında öz oyunçuların haqqında belə danışırsan. Mən reallığı deyən insanam. "Zirə" ilə matçdan sonra meydanda yalnız rəqib komandanın olduğunu deyirəmsə, bu, birbaşa mənim özümə toxunur. Çünki komandanı hazırlayıb meydana çıxaran mənəm. Öz komandamın çıxışından narazıyamsa, deməli, nələrsə yaxşı getmir".

Abasov mediadan dan narazılığını dilə gətirib: "Bu gün sosial şəbəkələr, telekanallar, mətbuat nəticəmizi qəbul etməyib, sırf bir oyunun üstündə dayanırsa, bu, baş məşqçi olaraq mənə də xoş deyil. Yunanıstanın "Olimpiakos", İsrailin "Makkabi" (Hayfa) klubları ilə oyunlardan, hətta "Qarabağ"a 1:2 hesabı ilə uduzduğumuz matçdan sonra azarkeşlə bizi alqışlayırlarsa, necə olur ki, bir dəqiqənin içində məni savadsız məşqçi adlandırırlar? Nə dəyişdi ki? Fikrimcə, bunlar bizim azarkeşlər deyil. Burada söhbət təkcə fanatlardan deyil, mediadan da gedir. Bizə qarşı ayrı-seçkilik edirlər. "Neftçi"yə nə qədər flaqman deyilsə də, hələ də sevilən klub halına gəlib çıxmamışıq. Simpatiya baxımından da çox geri qalırıq. Bu, nədən qaynaqlanır? Bu sualı öz azarkeşlərimizlə danışsam, yaxşı olar. Sadəcə, istəyim odur ki, belə şeylərə uymasınlar. Hər şeyi analiz etsinlər. "Neftçi" 2-ci yeri tutubsa, nəticə baxımından pis deyil. Çoxları deyir ki, yaxşı baş məşqçi, yaxşı oyun oynadar. Düşünürəm ki, bu, yanlış ifadədir. Azarkeşlərimiz əsəbiləşməsin, hirslənməsinlər. Məni buraya klub rəhbərliyi təyin edib. İki oyundan sonra müqaviləm başa çatır. Qərarı da Müşahidə Şurası verəcək. Saxlasalar, qalıb işləyəcəyəm".

Mütəxəssis dünyanın heç bir ölkəsində digər klubun azarkeşlərinin rəqib baş məşqçini istefaya səsləmədiyini qeyd edib: "Bu, nədən irəli gəlir? Niyə disbalans yaratmağa çalışırlar? İstəyirəm ki, fanatlarımız bunu təhlil etsinlər. Hər vacib oyundan öncə mətbuatda çıxan məqalələrə diqqət yetirin: Samir Abasov filankəsi istəmir, filan oyunçu komandada qalmayacaq. Bunlar düşünülmüş şeylərdir. Azarkeşlərimiz buna uymasınlar, bir mövqedə qalsınlar. İstəmirlərlə, konkret mövqelərini bildirsinlər. Bu olaydan sonra onlarla çox danışdıq. Komandanın belə oynamasının günahkarı mənəm. Hansısa futbolçunun pis çıxış etməsinin də səbəbkarı baş məşqçidir. Çempion olmuşuqsa, digər şeylər də 100 faiz düzələcək. Əvvəlcə sistemimizi tənqid etdilər. Amma biz bu sistemlə çempion olduq. Uzağa getməyək. Hamı deyirdi ki, namik Ələskərov hücumçu deyil. Lakin bombardir oldu və Türkiyə "Bursaspor"una transfer oldu. Daşları yerinə oturtmaq üçün vaxt lazımdır. Biz bu cür təzyiqlərdə bişəcəyik. Futbolçular indiyədək kənar amillərə fikir versəydilər, biz 2-ci pillədə də olmazdıq".

Son xəbərlər

Orphus sistemi