Samir Abasov: "Bəzi səhvlər var ki, onları tez aradan götürməliyik"

Samir Abasov: "Bəzi səhvlər var ki, onları tez aradan götürməliyik" "Qələbə ruh yüksəkliyi, motivasiya baxımından vacib idi. Qalib gəlməyi istəmədiyimizi deyə bilmərəm. Sadəcə, matçın önəmi bunda deyildi. Oyunda görmək istədiyimiz başqa şeylər idi".
Futbol
352
14 Yanvar , 2021 19:53
Samir Abasov: Bəzi səhvlər var ki, onları tez aradan götürməliyik
Samir Abasov

"Qələbə ruh yüksəkliyi, motivasiya baxımından vacib idi. Qalib gəlməyi istəmədiyimizi deyə bilmərəm. Sadəcə, matçın önəmi bunda deyildi. Oyunda görmək istədiyimiz başqa şeylər idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis ilk hissəsnin ağır keçdiyini bildirib: "Bu, kənardan başqa cür görünə bilər. Amma biz səbəbi yaxşı bilirik. Bu qarşılaşmayadək ardıcıl iki gündə 2 məşq etmişdik. Komandada bir az yorğunluq var idi. Bu da bizim üçün normal haldır. İkinci hissədə isə uşaqlar bir az açılışdılar, daha hərəkətli oynamağa başladılar. Oyunun içində sevindirici məqamlar daha çox idi. İnanıram ki, belə də davam edəcəyik".

Abasov bu matçdakı səhvləri analiz edəcəklərini vurğulayıb: "Bunu öz aramızda danışacağıq. Məqsəd məsuliyyəti sırf hansısa oyunçunun üstünə atmaq deyil. Amma bu da önəmlidir. Bu gün Ömər Buludovun səhvindən sonra qol buraxdıq. Halbuki bu epizodun üzərində çox işləmişdik. Futbolçunun özü də başını tutdu və bildi ki, bu sözlər ona deyiləcək. Bəzi səhvlər var ki, onları tez aradan götürməliyik".

Baş məşqçi "Keşlə" ilə oyunda əvəzedici komandanın heç bir üzvünə əsas heyətdə şans verməməsini bu cür izah edib: "Burada güvənib-güvənməməkdən söhbət gedə bilməz. Komandamızda olan hər bir oyunçuya inanırıq. Sadəcə, "Kəpəz"lə oyun kondisiya baxımından təşkil olunmuş sınaq matçı idi. Bu görüş isə 1 həftə sonra Premyer Liqada keçirəcəyəimiz qarşılaşmaya hazırlıq xarakteri daşıyırdı. Ona görə əsas heyətdə aparıcı futbolçulara şans verdik. Gəncləri isə meydana əvəzetmədən buraxdıq".

Abasov mövsümün ikinci hissəsinə 100 faiz hazır olmadıqlarını vurğulayıb: "Amma bu, bizi qorxutmur. Əlimizdə olan keyfiyyətli futbolçuların bunun öhdəsindən gələ biləcəklər. Sadəcə, pandemiya ilə bağlı çempionatın yanvarın 21-də başlaması işimizə həddindən artıq maneə törətdi. Çünki yeni komandayıq və burada yeni baş məşqçi var. Futbolçulara nələrisə deməlisən, onlar da bunu qavramalıdır. Bunu isə yoldaşlıq matçlarında həyata keçirməlisən. Amma vaxtımız yoxdur".

Son xəbərlər

Orphus sistemi