Samir Abasov: "Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir"

Samir Abasov: "Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir" "Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq. Bizim üçün yaxşı təcrübə oldu. Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşək
Futbol
2534
28 İyul , 2021 23:13
Samir Abasov: Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir
Samir Abasov
0 : 00
0 : 00

"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bu görüş komandası üçün yaxşı təcrübə olub: "Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşəkkürümü bildirirəm. Belə oynamaq cəsarət tələb edir".

Abasov müdafiəçi Ömər Buludovun erkən əvəzlənməsinin səbəbini açıqlayıb: "Futbolçular bu cür matçlarda böyüyür. Kim ruhla oynamayacaq, mandrajda olacaqsa, həyatı da belə keçəcək. Oyundan əvvəl hansı futbolçunun belə oynayacağını kimsə bilirsə, onun yanında öyrənə bilərik. İlk matçda Ömər Buludovun oynamamasının səbəbini soruşanlar bu gün onun niyə meydana çıxdığını sual verirlər. Futbolçu əvəzlənməsini istədi, biz də dəyişdik. Mənim tanıdığım Ömər bizə yalan deməz. Hər bir oyun gənclər üçün təcrübədir".

Baş məşqçinin sözlərinə görə, əlindəki heyətlə mübarizəni davam etdirəcək: "Hücumçu olmayanda bəzi dəyişikliklər etməlisən. Ən azı bu ruhda oynamalıyıq. Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir. Bir-iki dəfə olar, üçüncüdə mütləq axsayırsan. Hara kimi gedəcəyimizi zaman göstərəcək".

Təcrübəli mütəxəssis deyib ki, komandanı motivasiya etmək heç vaxt ona çətinlik yaratmayıb: "Buna gücümüz var. Artıq heyətimiz güclənməlidir. Bu, nə vaxt baş verəcək, dəqiq deyə bilmirəm. Ən azı bugünkü ruhla oynamalıyıq ki, azarkeşlərimiz bizə inansınlar. Onların inamını itirmək istəmirik. Bundan sonra transferlər haqqında danışmayacağam. Ümid edirəm ki, tezliklə bu məsələyə son qoyular. Çünki bu suala cavab vermək çətindir. Onsuz da indiyədək odun içərisində işləmişik, bu vəziyyətə öyrəşmişik. Amma hazırda məsələ bununla bağlı deyil. İnanırıq ki, yaxşı olacaq".

Abasov son dəqiqələrdə Mamadu Mbocu hücuma atılmasını bu cür izah edib: "Özü irəli getmək istəyirdi. Çünki bizə qol lazım idi. Buna görə cinahlardan asmalar etməyə çalışırdı".

Sloveniyada yaxşı hazırlıq keçə bilmədiklərini deyən mütəxəssis viza problemləri ilə üzləşdiklərini vurğulayıb: "Ayın 8-i yığışanda viza problemi oldu. Bəzi futbolçular bizə gec qoşuldular. Bizdən asılı olmayan səbəblər var idi. 8-10 nəfərlə hazırlıq keçib, xarakter göstərib "Dinamo"nu hər iki oyunda udduq. Hamı deyirdi ki, Tbilisi klubuna qarşı pis oynadıq. Gör, yaxşı oynasaydıq, nə edərdik? Oyundan-oyuna daha yaxşı olacağıq".

Mütəxəssis UEFA Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Finlandiyanın HİK (Helsinki) klubu barədə düşünmədiyini bildirib: "Bu komandanın oyununa baxmamışam. Bütün fikrimiz bu matçda idi. Daha çox Bolqarıstan "Lüdoqorets"ini fikirləşirdim".

Son xəbərlər

Orphus sistemi