Samir Abasov: "Artıq özümüzə gəlməyə başlamışıq"

Samir Abasov: "Artıq özümüzə gəlməyə başlamışıq" "Artıq meydana girəndən rəqibin böyüklüyü əzəməti görünür. Sabah hansı komandaya qarşı oynayacağımız bəllidir".
Futbol
20 İyul , 2021 22:34
Samir Abasov: Artıq özümüzə gəlməyə başlamışıq

"“Artıq meydana girəndə klubun böyüklüyü, əzəməti görünürdü. Sabah hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur".

"Report"un Afinaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandasını çətin oyun gözləyir: "Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə, onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb. Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir. Bizi təcrübəli, heyətində çox keyfiyyətli futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bununla belə, çox rahatıq. İlk mərhələdən fərqli olaraq, həm fiziki cəhətdən, həm də oyun baxımından özümüzə gəlməyə başlamışıq. Bu cür oyunlar formaya tez düşməyimizə kömək edir. “Neftçi” olaraq uzun müddət Çempionlar Liqasından uzaq qaldığımızı nəzərə alsaq, sabah hər bir halda yaxşı təcrübə toplayacağıq. Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu bizə qarşıdakı matçlarda kömək ola bilər. Sabahkı oyun üçün psixoloji vəziyyətimiz də kifayət qədər yerində olmalıdır ki, rəqibə qarşılıq verə bilək. İnanıram ki, hər şey yaxşı olacaq".

Abasov rəqibin necə oynamasının da önəmli olduğunu söyləyib. Onun sözlərinə görə, "Olimpiakos" kimi rəqiblərlə ilboyu bir dəfə qarşılaşmaq imkanı olub, çempionat isə tamam fərqlidir: "Əvvəlki mərhələdə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə oyunlarda boşluqlar versək də, rəqib istifadə edə bilmədi. Sabah isə "Olimpiakos"un oyunundan da çox şey asılı olacaq. Ən birincisi, psixoloji cəhətdən hazır olmalıyıq. Daha çox qaçmalıyıq".

Baş məşqçi cavab görüşünədək hər hansı transferin gözlənilmədiyini də əlavə edib: "Hələlik danışılan transferlər yoxdur. 90 faiz deyə bilərəm ki, belə bir hal baş verməyəcək. Yeni transferlərdən Romen Bask daha hazırlıqlıdır. Çünki əvvəlki komandası ilə mütəmadi məşq edib, toplanış keçib. Bura gəlməzdən əvvəl 5-7 gün məşqsiz qalıb. Məşqlərdə göstərdiyi performans ürəkaçandır. Huqo Basto isə bu baxımdan axsayır. O, daha çox fərdi çalışıb ki, bu da komanda halında məşqlərdə sezilir".

Abasov sabahkı oyunun çox önəmli olduğunu bildirib. Onun sözlərinə görə, Bakıya sərfəli nəticə ilə qayıtmaları realdır: "Buna inanırıq. Rəqibin oyunlarına baxmışıq. Rəqib bütün oyunlardan 30-31 futbolçusunu sınaqdan çıxarıb. Çempionat bitəndən sonra yaxşı komandalara qarşı 5-6 sınaq matçı keçiriblər. Əl-qolumuzu sallamayacağıq. Ümid edirəm ki, cavab oyununa daha şanslı qayıdacağıq".

Gənc mütəxəssis yenə transferlərə ehtiyac duyduqlarını vurğulayıb: "Xüsusilə hücum xəttində güclənməliyik. Futbolçu azlığı baxımından da əziyyət çəkirik. Tranfer işlərimiz davam edir. Hücumçu və bəzi mövqelərə də futbolçu axtarışındayıq. Yaxın zamanda 1-2 oyunçunu transfer eləməyi düşünürük. Dayanmamışıq, axtarırıq".

Baş məşqçi hazırkı rahatlığının komandaya da aşılandığını söyləyib: "Açığı, yay təlim-məşq toplanışını elə də yaxşı keçməmişdik. Amma artıq birinci mərhələni keçmişik. İndi rahat görünməyimiz də bununla bağlıdır. Gərgin görünməyə səbəb yoxdur. "Olimpiakos"a problem yaşatmağa çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq. Bu rahatlığın haradan gəldiyini bilmirəm. Təki oyundan sonra da belə olsun".

O, köməkçiləri ilə birgə apardığı təhlilin özü üçün yetərli olduğunu da diqqətə çatdırıb: "Əlavə kimlərdənsə məsləhət almağım artıqdır. Köməkçilərim bacardıqlarını ediblər. Bu da məncə, yetərlidir".

Qeyd edək ki, iyulun 21-də Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi