"Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub Qazaxıstana səfərinin təfərrüatlarını açıqlayıb.
Klub rəsmisi “Report”a açıqlamasında “Freedom QJ League”nin bağlanış mərasimində iştirak etdiyini bildirib.
“Səfər daha çox dostluq xarakteri daşıyırdı və “Freedom QJ League”nin prezidenti, MDB məkanında futbol meneceri kimi məşhur olan Roxus Şoxun dəvəti ilə baş tutmuşdu. “Freedom QJ League” Qazaxıstanın aşağı yaş qrupları üzrə oğlan və qız komandalarının iştirakı ilə artıq ikinci mövsümdür keçirilən daxili çempionatıdır. Burada gənclər yüksək təşkilatçılıq fonunda müntəzəm çempionatda iştirak edirlər. Oyunlar böyük tamaşaçı marağına səbəb olur. Təkcə onu demək kifayətdir ki, ilk mövsümün açılış oyununa 30000 tamaşaçı gəlib. Tədbirdə iştirakın məqsədi həm qardaş ölkənin bu maraqlı təcrübəsi ilə tanış olmaq, həm də “Şamaxı” klubunu bu çərçivədə tanıtmaq idi”, - deyə o vurğulayıb.
Qeyd edək ki, E.Usub ötən həftə Qazaxıstanda “Freedom QJ League”nin bağlanış mərasimində iştirak edib.