Şaiq Həmidovun qızı: "Atamın sağlamlığına pandemiya təsir etdi" - XATİRƏ

Şaiq Həmidovun qızı: "Atamın sağlamlığına pandemiya təsir etdi" - XATİRƏ Atam ömrünün 69-cu ilində idi. Demək olmaz ki, xəstəliyi olmayıb. Sadəcə, bir dəqiqənin içində dünyadan getdi. Oturduğu yerdə keçindi. Onu görsəydiniz, elə bilərdiniz ki, sağdır, biz gözlərini yummuşuq. Necə həyat sürmüşdüsə - namusla, qeyrətlə, heç kimi incitmədən, əziyyət vermədən elə də canını tapşırdı.
Futbol
11 İyun , 2020 14:40
Şaiq Həmidovun qızı: Atamın sağlamlığına pandemiya təsir etdi - XATİRƏ

"Atam ömrünün 69-cu ilində idi. Demək olmaz ki, xəstəliyi olmayıb. Sadəcə, bir dəqiqənin içində dünyadan getdi. Oturduğu yerdə keçindi. Onu görsəydiniz, elə bilərdiniz ki, sağdır, biz gözlərini yummuşuq. Necə həyat sürmüşdüsə - namusla, qeyrətlə, heç kimi incitmədən, əziyyət vermədən elə də canını tapşırdı".         

Bu fikirləri "Report"a açıqlamasında Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidovun qızı Gülşən Həmidli atasının vəfatı ilə bağlı danışarkən deyib. O, Ş.Həmidovun şəkərli diabet xəstəsi olduğunu, buna baxmayaraq, dərmanlarını müntəzəm qəbul etdiyini söyləyib.

G.Həmidlinin sözlərinə görə, atasının vəfatından sonra bəlli olub ki, onda ürək çatışmazlığı inkişaf edib: "Belə başa düşürəm ki, bu, pandemiyaya görə ola bilər. Çünki o, çox aktiv həyat tərzi yaşayırdı. Piyada çox gəzir, dostları ilə hər zaman görüşür və hamı ilə əlaqə saxlayırdı. Demək olar ki, iki ay evdən çıxmadı. Yəqin ki, bu, mənim atamın sağlamlığına təsir etdi". 

Qızı mərhumu belə xarakterizə edib: "Bizim qardaşımız olmayıb. Atam bizə həm qardaş, həm də dost olub. Ondan bir dəfə də qeyri-etik söz eşitməmişik. Hər zaman sözlərinə diqqət edirdi ki, mənim evimdə qızlar böyüyür".  

G.Həmidli bildirib ki, Şaiq Həmidov atasını uşaq ikən - 12 yaşında itirib: "Ailədə 6 bacı, 2 qardaş idilər. Anaları çox kasıbçılıqla uşaqlara baxıb. Atam ən birinci zavodda fəhlə işləyib. Pul toplayıb və Özbəkistan Dövlət Universitetinin qiyabi şöbəsində təhsil alıb. Həm ailəsinə maddi kömək edib, həm də oxuyub təhsilini bitirib. Həmin müddətdə o qədər diqqət qazanıb ki, ona hüquq fakultəsinə keçirilməsi təklifi ilə müraciət ediblər. Hüquqşunas olması ilə anası razılaşmayıb. Ona görə də atam rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. Cəmi bir il Mingəçevirdə 7 saylı məktəbdə müəllim kimi işləyib, həmin vaxt həm də direktor köməkçisi olub".

Qızı atasının daha sonra özünü idmana həsr etdiyini bildirib: "Əvvəl Mingəçevirdə “Spartak” futbol cəmiyyəti olub, atam orada çalışıb, ili dəqiq yadımda deyil. Cavanlığında Mingəçevirin futbol komandasında da yer alıb. Dizindən ağır zədə aldığı üçün peşəkar futbola keçə bilməyib, ancaq bütün həyatı futbolla bağlı olub. Ölkəmiz müstəqillik əldə edəndən sonra Mingəçevirdə “Kür-Nur” adlı futbol klubu yaradılıb. Atam klubun prezidenti də olub, matçların təşkilində yaxından iştirak edib. Həmin vaxt müharibə olduğu üçün ağır dövr idi. Komandanın maliyyələşdirilməsində də işi danılmazdır".

Ş.Həmidovun digər sahələrdə də çalışdığını deyən qızı onun yerli icra hakimiyyətində və sürücülük məktəbindəki fəaliyyətinə də diqqət çəkib: "Atamın Mingəçevir şəhərində ən aşağı təbəqədən yuxarı təbəqəyə qədər dostları, tanışları və yaxınları olub. Mingəçevirdə mərkəzi sürücülük məktəbində də fəaliyyət göstərib. Bundan əvvəl isə Mingəçevir şəhər icra başçısının müavini olub. Mingəçevirdəki sürücülük məktəbi həmin vaxt müharibə dönəmi olduğu üçün hərbi sürücülər hazırlayırdı. Məktəb bir növ hərbçi yetişdirdiyindən, atamın da rütbəsi var idi. Hər zaman Mingəçevir şəhərinin adını qaldırmağa, yaşatmağa xidmət edirdi. Şəhərin yaxşı mənada seçilməsini istəyirdi. Sonra biz Bakıya köçəsi olduq, o da AFFA-da çalışmağa başladı. O dövrdən vəfat edənə kimi federasiyada işlədi".

G.Həmidli atasının Premyer Liqa oyunlarında AFFA nümayəndəsi kimi iştirak etdiyini xatırladıb. "Uzun illər bütün problemli və çətin oyunlara Şaiq müəllim təyinat alırdı. Əvvəl futbolumuzda çaxnaşmalar, davalar olurdu və hər zaman belə oyunlara mənim atamı göndərirdilər. Onun diplomatik tərzi və danışıq qabiliyyəti hər zaman kömək edirdi. Həm də atamı çox sevirdilər. Onun çoxlu dostu var. Hamısı gələ bilməsə də, zəng ediblər. Adlarını belə eşitmədiyim insanlar danışırlar ki, mənim atam onlara kömək edib, dəstək olub. Bizim ətrafımızdakı insanlar Şaiq müəllimin ölümündən sonra sarsıntı keçiriblər. AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədov və federasiyadakı digər şəxslər bizə başsağlığı veriblər. Futbol ictimaiyyəti üçün atamın vəfatı gözlənilməz oldu”.

Ş.Həmidovun qızı atasının ailədəki münasibətlərindən də danışıb: "Heç yerdə atam kimi valideyn görməmişəm. Çox qayğıkeş, mehriban və şirindil, eyni zamanda çox ciddi idi. Heç vaxt orta məktəbdə dərsi buraxa bilməzdik, aşağı qiymət almağa ixtiyarımız da yox idi. Həmişə "5" qiyməti almışıq, "4" ala bilməzdik. Bizdən yaxşı nailiyyətlər tələb edirdi. Deyirdi ki, hər zaman ən yüksəklərdə olmalısınız. Hər şeyin ən yaxşısını tələb edirdi. Qarşılığında isə imkanı daxilində hər şeyin ən yaxşısını etməyə çalışırdı. O həm də qayğıkeş baba idi, nəvələrini çox istəyirdi və qayğılarını çəkirdi. İcazə vermirdi ki, məktəbə gedəndə çantalarını uşaqlar gəzdirsin, özü götürürdü. Məktəbə də aparırdı və daim dərsləri ilə maraqlanırdı". 

Hazırda mərhumun böyük nəvəsi İsa Əhmədov futbolçudur. O, "Qarabağ"da çıxış edir. G.Həmidlinin sözlərinə görə, İsanı futbola məhz babası yazdırıb: "Atam futbolu çox sevirdi, bizim İsa da onun sayəsində həm azarkeş, həm də futbolçu oldu. Əvvəl “Vətən” klubunda çıxış edirdi, indi “Qarabağ”a keçib, 13 yaşı var. İsa futboldan qayıdanda bütün məşqi babası ilə müzakirə edirdi. Atam onun etdiyi səhvlərin hamısını deyirdi. Sağlamlığı imkan vermirdi ki, uşağı özü hazırlaşdırsın, öyrətsin. Amma məsləhətləri ilə hamının arxasında olub. Ata olaraq hər zaman ən yaxşıları bizim üçün etməyə çalışırdı. Bizə maraqlı söhbətlər edərdi". 

Qardaşı Rafiq Həmidov isə Ş.Həmidovun hər zaman onunla dostluq etdiyini söyləyib: "Özü iki yaş kiçik olsa da, hər zaman mənə arxa, dayaq olub. Düzdür, böyük qardaşı idim, amma Şaiq hər zaman mənə məsləhətlər verirdi. Məndən savadlı və müdrik idi. Uşaq vaxtlarında ilk kəlməsi mənə "dədə" deməsi idi. Elə o vaxtdan bu günə qədər bütün qohumlar, dostlar məni "dədə" deyərək çağırırlar. Biz əsgərlik illərini də birlikdə keçirmişik. Hər ikimiz cavanlıqda futbolla məşq olurduq. Aramızdakı mübahisələr, müzakirələr ancaq idmanla, futbolla bağlı olardı. Onunla bağlı hər xatirə mənə xoşdur. Qardaşım əsgərlikdə də özünə çox böyük hörmət qazandı, bu günə qədər də həmin dostları ilə əlaqəsi var idi. Son günlərində qardaşımla keçirdiyim hər gün mənim ən əziz günüm olaraq qalacaq. Hər zaman görüşə bilməsək də, ən azı, gündə bir dəfə telefonla danışır, əlaqə saxlayır, bir-birimizdən hal-əhval tuturduq. Şaiqin bizimlə olmadığını hələ də dərk edə və buna inana bilmirəm". 

Hakim-inspektor Rövşən Əhmədov bildirib ki, Ş.Həmidovun vəfatını ona hakim yoldaşları söyləyib: "İnanmaq istəmirdim ki, onun kimi sağlam insan dünyasını dəyişsin. Bizim üçün gözlənilməz xəbər oldu, inanmadıq. Vəfat etdiyi gün saat 10-da mənə zəng etdilər, dəqiqləşdirmək üçün yaxın dostlarla əlaqə saxladım. Dəfnində bütün dini qaydalara əməl edildi. Mingəçevirdə öz evində camaat namazı qılndı, saat 2 radələrində Mingəçevir şəhərindəki qəbiristanlıqda anasının yanında dəfn edildi".

Əhmədov deyib ki, Şaiq Həmidovun səhhəti ilə bağlı heç bir problemi olmayıb: "Fevralda Şaiq müəllimlə birlikdə Bakıdan Mingəçevirə qayıtmışam. O, çox deyib gülən, səmimi, gülərüz insan idi. Həmin vaxt da sağlam görünürdü. Şaiq müəllim orta məktəbdə mənə dərs deyib, Mingəçevir şəhər icra hakimiyyətində çalışıb. Demək olar ki, şəhərdə hamı onu tanıyırdı, böyük hörməti var idi. Yaşda məndən böyük idi, amma xəstəliyi barədə büruzə veriləcək nəsə olmayıb. Bəlkə də hiss etdirməyib".

Hakim-inspektor Şaiq Həmidovun vəfatı ilə bağlı sosial şəbəkələrdə yanlış informasiyaların yazıldığını sözlərinə əlavə edib: "Eşitdiyimə görə bağırsaqlarında problem olub, şəkərli diabetdən də əziyyət çəkirdi. "Facebook"da bir-iki nəfər xərçəngdən əziyyət çəkdiyini yazdı. Bunlar yalandır, xərçəngdən əziyyət çəkən adam həm arıqlayır, həm də xəstə olduğu görünür. Şaiq Həmidov isə tam sağlam idi. İnandırıcı deyil ki, o xərçəngdən vəfat etsin. "Facebook"da Şaiq müəllimin dəfni haqqında paylaşım etdik. Digər yoldaşların səhv yazılarını gördüm və iradlarımı bildirdim ki, xahiş edirəm, bildiyiniz məlumatı yayın. Çünki bu adamın elə xəstəliyi olmayıb. Hamımızın ətrafında olan şəxsdir. AFFA-da, Gənclər və İdman Nazirliyində daim görüşmüşük. Xərçəngə düçar olan adam üzdən görsənir".

Əhmədov AFFA rəhbərliyi, Futbol Veteranları İttifaqı, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin zəng edərək başsağlığı verdiklərini söyləyib: "Mənim vasitəmlə qardaşına başsağlı verdilər. Məlum səbəblərə görə gələ bilmədikləri üçün üzürxahlıq etdilər. Çox adam gəlmək istəyirdi, amma ölkədəki vəziyyət bəllidir. Şaiq Həmidov heç kimin xeyirindən və ya şərindən qalmayıb". 

Qeyd edək ki, Şaiq Həmidov iyunun 7-də dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi